İran Dünya Çempionatında tətbiq edilən məhdudiyyətlərlə bağlı FIFA-ya şikayət edəcək

İran Futbol Federasiyası 2026-cı il Dünya Çempionatında milli komandaya tətbiq edilən məhdudiyyətlərlə bağlı FIFA-ya şikayət etməyə hazırlaşır.

Referans Media xəbər verir ki, iyunun 21-də Belçika ilə qarşılaşacaq İran yığmasına oyundan cəmi 24 saat əvvəl Los-Anceles şəhərinə gəlməyə icazə verilib.

Qrupdakı ilk matçında Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edən İran komandasının “bərpa məşqi keçdikdən sonra ayrılmaq” tələbi rədd edilib və heyətdən Meksikanın Tixuana şəhərinə qayıtması istənilib.

“Bu cür məhdudiyyətlərin turnirdə iştirak edən bütün komandalara bərabər şərait yaradılması prinsipi ilə ziddiyyət təşkil etdiyinə və komandaların hazırlıq prosesinə mənfi təsir göstərə biləcəyinə inanırıq. Federasiya narazılığını rəsmi şəkildə ifadə edəcək və müvafiq kanallar vasitəsilə FIFA-ya rəsmi şikayət göndərəcək”, - deyə Federasiyanın açıqlamasında qeyd edilib.

Açıqlamada bildirilib ki, bu məhdudiyyətlərə baxmayaraq, İran milli komandası hazırlıq proqramını davam etdirəcək və bütün diqqətini Belçika ilə oyuna yönəldəcək./Teleqraf 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki