Hamı bu görüntüdən danışır: Senatorun Netanyahu qarşısındakı davranışının səbəbi ortaya çıxdı - VİDEO

ABŞ senatoru Con Fettermanın İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı qeyri-adi geyimi və davranışı dünya mediasında geniş müzakirələrə səbəb olub. Rəsmi görüşə kostyum əvəzinə şort və kapüşonlu köynəklə qatılan senatorun, görüş boyunca telefonundan istifadə etməsi və Netanyahuya çox baxmaması sosial şəbəkələrdə fərqli şərhlərə yol açıb.

Referans Media xəbər verir ki, ABŞ-a səfəri çərçivəsində Pensilvaniya senatoru Con Fettermanla görüşən Netanyahu, görüş zamanı onun diplomatik protokoldan kənar geyim seçimi ilə diqqət çəkib.

Fettermanın şort, idman ayaqqabısı və kapüşonlu köynəklə görüşə qatılması qısa zamanda gündəmə çevrilib. Görüş zamanı senatorun ayağını ayağının üstünə aşıraraq oturması və telefonuna baxması bəzi istifadəçilər tərəfindən Netanyahuya qarşı etiraz jesti kimi qiymətləndirilib.

Etiraz deyil, şəxsi tərzi imiş


Lakin yayılan görüntülərlə bağlı həqiqətin fərqli olduğu ortaya çıxıb. Fettermanın İsrailə münasibəti və Netanyahu ilə əlaqələri onun bu davranışının siyasi etiraz olmadığını göstərib.

Pensilvaniya senatoru Demokrat Partiyası daxilində İsrailə açıq dəstəyi ilə tanınan siyasətçilərdən biridir. O, 2023-cü il oktyabrın 7-də baş verən hadisələrdən sonra İsrailə hərbi və kəşfiyyat dəstəyinin davam etdirilməsini müdafiə edən şəxslər arasında yer alıb.

Netanyahu görüş zamanı Fettermana İsrailə verdiyi dəstəyə görə təşəkkür edib və onu "nümunəvi vətənpərvər" adlandırıb. İsrail Baş naziri senatorun mövqeyini yüksək qiymətləndirib.

Fetterman isə Netanyahu ilə görüşünü Senatdakı fəaliyyəti dövründə yaşadığı "ən böyük şərəflərdən biri" kimi dəyərləndirib. O, İsrailə dəstəyini davam etdirəcəyini bildirib.

Rahat geyim seçimi ilə əvvəllər də gündəmə gəlib


Con Fettermanın rəsmi görüşlərdə idman geyimlərinə üstünlük verməsi ilk dəfə baş vermir. Senator 2024-cü ildə İsrailə səfəri zamanı da Netanyahu ilə kapüşonlu köynəklə görüşmüşdü.

Onun kostyum geyinməməsi daha əvvəl ABŞ Senatında da müzakirələrə səbəb olmuşdu. 2023-cü ildə Senat iclaslarına qeyri-rəsmi geyimdə qatılması ilə bağlı yaranan mübahisələrdən sonra rəsmi geyim qaydaları yenidən sərtləşdirilmişdi.

Fetterman isə rahat geyimlərə üstünlük verməsinin səbəbini səhhəti ilə əlaqələndirib. O bildirib ki, yalnız məcburi rəsmi tədbirlərdə kostyum geyinir, digər görüşlərdə isə daha rahat geyim seçir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki