Xankəndidə "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövusunda beynəlxalq forumu keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib.

Referans Media xəbər verir ki, müxtəlif ölkələrdən hökumət rəsmilərini, yerli və beynəlxalq ekspertləri bir araya gətirən forum sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiqi perspektivlərinin qiymətləndirilməsi, dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, çevik və şəffaf model üzərində qurulması üçün innovativ həllərin müəyyən edilməsi, ağıllı idarəetmə modellərinin tətbiqi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi məqsədi daşıyıb.

Tədbirdə DOST Agentliyinin süni intellekt həlli olan SAİDA (Social Artificial Intelligence DOST Agency) moderator qismində iştirakçıları salamlayıb.

Forumun açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu tədbirin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər qazandığı Vətən müharibəsinin 6-cı ildönümü günlərində keçirildiyini, şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək tədbirlərini diqqətə çatdırıb. O, “SOCGOV 2026” beynəlxalq forumunun Xankəndidə keçirilməsinin simvolik əhəmiyyət daşıdığını, azad edilmiş ərazilərimizdə qurulan yeni həyatın, ağıllı şəhər konsepsiyasının təqdimatına imkan yaratdığını bildirib. Anar Əliyev ölkəmizdə 2018-ci ildən icra olunan, illik əlavə maliyyə vəsaiti 8 milyard manat olan 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki ciddi artımları qeyd edib. Dövlətimizin başçısının göstərişinə əsasən, sosial ödənişlərin artırılması üçün növbəti, sayca 6-cı sosial islahat paketinin hazırlanmaqda olduğunu vurğulayıb.

Nazirliyin xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər qeyd olunub. Əlilliyin qiymətləndirilməsi, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, inzibati proseslərin avtomatlaşdırılması və vətəndaşlarla rəqəmsal qarşılıqlı əlaqənin inkişaf etdirilməsi prosesləri əhatə olunmaqla, Nazirlik tərəfindən 4 əsas prioritet üzrə süni intellektin tətbiqi işləri barədə məlumat verilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri, DOST mərkəzlərində göstərilən xidmətlərin 90 faizdən çoxunun elektronlaşdırıldığı bildirilib. Moldova, Özbəkistan, Serbiya və s. ölkələr tərəfindən DOST konsepsiyasının öyrənilməsinə maraq göstərildiyi, son illər Nazirliyin həyata keçirdiyi sosial islahatların uğurlarının 300-dən çox beynəlxalq mükafat və sertifikata, o cümlədən BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü vurğulanıb.

Anar Əliyev bu forumun sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiq perspektivlərinin qiymətləndirilməsi, dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, çevik və şəffaf model üzərində qurulması üçün innovativ həllərin müəyyən edilməsi, qabaqcıl beynəlxalq təcrübələrin mübadiləsi baxımından mühüm platforma olacağına əminliyini ifadə edib.

Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan "SOCGOV 2026" Beynəlxalq Forumunun sosial siyasətlərin gələcəyinə dair birgə səylərə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O, Türkiyədə dövlət xidmətlərinin rəqəmsal transformasiyasının davam etdirildiyini, əsas rəqəmsal platforma olan "e-Dövlət Qapısı" portalının vətəndaşlara geniş çeşidli dövlət xidmətlərinə sürətli, təhlükəsiz və vahid məkandan çıxış imkanı yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, hazırda istifadəçilərinin sayı 70 milyona yaxın olan "e-Dövlət Qapısı" portalı vasitəsilə minlərlə xidmət təqdim olunur. Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi rəqəmsallaşmanı xidmətlərin keyfiyyətini və institusional potensialı artıran əsas vasitə kimi qiymətləndirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsində innovativ idarəetmə yanaşmasının uğurlu nümunəsi olduğunu vurğulayıb. O bu modelin inzibati prosedurların sadələşdirilməsinə, xidmət proseslərinin optimallaşdırılmasına, dövlət-vətəndaş münasibətlərində etimadın gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb. Bildirib ki, DOST Agentliyinin də sosial xidmətlər sahəsində rəqəmsal həllərin tətbiqi və vətəndaşyönümlü yanaşmanın gücləndirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi Marselo Abi-Ramiya Kaytano videomüraciətində süni intellekt, data əsaslı həllər və rəqəmsal dövlət xidmətlərinin sosial təminatı daha əlçatan, operativ, inklüziv və insanyönümlü etmək üçün geniş imkanlar yaratdığını vurğulayıb. “SOCGOV 2026” forumunda aparılan müzakirələrin yeni ideyalara, sosial təminatın gələcəyi üçün praktiki həllərə töhfə verəcəyinə əminliyini bildirib. Avropa Sosial Şəbəkəsinin sədri Kristyan Fille də videomüraciətində rəqəmsal analitika, süni intellekt və data əsaslı qərarların sosial xidmətlər sahəsinə gətirdiyi üstünlükləri, keçirilən bu tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Forumda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun moderatorluğu ilə “Süni intellekt və data əsaslı dövlət idarəçiliyi: imkanlar, risklər və gələcək” mövzusunda panel sessiyası olub. Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Mihai Qabriel Çiobanu, Yunanıstanın Elektron Milli Sosial Sığorta Fondunun direktoru Aleksandros Varveris Georgios, ASAN Süni İntellekt Mərkəzinin rəhbəri Ləman İbrahimova, Lüksemburq Milli Məlumat Xidmətinin məlumatların idarə edilməsi üzrə mütəxəssisi Nicat Hacıxanov mövzu ilə bağlı fikirlərini bölüşüblər. Tədbir Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva və Türkiyənin Doğuş Teknoloji Səhmdar Cəmiyyətinin Məlumat elmləri qrupunun rəhbəri Mehmet Ali Varolun TEDx formatında debatları, tematik işçi qruplarının müzakirələri ilə davam edib.

Forumun yekun Bəyanatı qəbul olunub. Sənəddə iştirakçılar SOCGOV təşəbbüsünün sosial idarəetmənin gələcəyinə dair beynəlxalq dialoq, təcrübə mübadiləsi və tərəfdaşlıq üçün institusional və davamlı platforma kimi inkişaf etdirilməsini dəstəklədiklərini ifadə ediblər. Vurğulanıb ki, sosial siyasətin formalaşdırılması və icrasında etibarlı məlumatlardan, müasir analitik vasitələrdən və faktlara əsaslanan qərar qəbuletmə mexanizmlərindən istifadə genişləndirilməlidir.

“SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum çərçivəsində paralel sessiyalar, tərəfdaş təşkilatların xüsusi təqdimatları, habelə ASAN xidmət və Qarabağ Universitetinin birgə tədbiri də keçirilib.

Forumda iştirak edən Türkiyə və Özbəkistan nümayəndə heyətləri Xankəndi şəhərində Zəfər Parkını ziyarət ediblər. Nazir Anar Əliyev qonaqlara Zəfər parkı və Zəfər tağı kompleksi barədə məlumat verib. Nümayəndə heyətləri Qarabağ Universitetində də olublar.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki