Kredit götürmək istəyənlərə ŞOK XƏBƏR: “Qara siyahı”ya düşənlərə kredit veriləcək?

Azərbaycanda kredit ödənişlərində gecikmələr vətəndaşların gələcəkdə banklardan kredit əldə etmək imkanlarına təsir göstərə bilər. Cəmiyyətdə bu vəziyyət çox vaxt “qara siyahı”ya düşmək kimi ifadə olunsa da, kredit tarixçəsində mənfi məlumatların olması şəxsin ömürlük kredit ala bilməyəcəyi anlamına gəlmir. Belə hallarda banklar gecikmələrin müddətini, borcun ödənilib-ödənilmədiyini və müştərinin hazırkı maliyyə vəziyyətini nəzərə alırlar.

Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, kredit tarixçəsində gecikmələr vətəndaşların gələcəkdə kredit əldə etmək imkanlarını məhdudlaşdıra bilər, lakin bu, onların ömürlük kredit ala bilməyəcəyi demək deyil.

Onun sözlərinə görə, Azərbaycanda kredit tarixçəsində gecikmələrin olması bankların yeni kredit müraciətlərinə münasibətinə ciddi təsir göstərə bilər. Burada əsas məsələ gecikmənin müddəti, borcun bağlanıb-bağlanmaması, gecikmələrin təkrarlanması və vətəndaşın hazırkı ödəmə qabiliyyətidir. Bir neçə günlük gecikmə ilə aylarla ödənilməyən borca eyni yanaşılmır.

Vüqar Oruc qeyd edib ki, kredit tarixçəsi banklar üçün müştərinin maliyyə intizamını və borc öhdəliklərini yerinə yetirmək qabiliyyətini qiymətləndirmək vasitəsidir. Uzunmüddətli və təkrarlanan gecikmələr kreditin rədd edilməsinə, ayrılacaq məbləğin azaldılmasına və ya əlavə təminat tələb olunmasına səbəb ola bilər. Bununla belə, qərar yalnız əvvəlki gecikmələrə deyil, şəxsin hazırkı gəlirlərinə, mövcud borc yükünə və digər risk amillərinə əsasən verilir.

AQC sədri hesab edir ki, kredit tarixçəsində problemi olan vətəndaşlar ilk növbədə mövcud borclarını qaydaya salmalı, banklarla razılaşdırılmış ödəniş qrafikinə əməl etməli və gəlirlərinə uyğun maliyyə öhdəlikləri götürməlidirlər. Kredit tarixçəsini Azərbaycan Kredit Bürosunun Findoc platforması vasitəsilə yoxlamaq, hesabatda yanlış məlumat aşkarlandıqda isə onun düzəldilməsi üçün müraciət etmək vacibdir.

O bildirib ki, borcun bağlanması əvvəlki gecikmələrin kredit tarixçəsindən dərhal silinməsi demək deyil. Müsbət kredit tarixçəsinin formalaşması zaman və ardıcıl ödəniş intizamı tələb edir. Heç bir vasitə əvvəlki gecikmələrin dərhal silinməsinə və ya bankın mütləq müsbət qərar verəcəyinə zəmanət vermir.

Vüqar Orucun sözlərinə görə, banklar kredit risklərini qiymətləndirərkən vətəndaşın yalnız keçmişinə deyil, hazırkı maliyyə vəziyyətinə də diqqət yetirməlidirlər. Əgər şəxs əvvəlki borclarını ödəyib, gəlirlərini sabitləşdirib və maliyyə intizamını bərpa edibsə, onun yeni kredit müraciətinin fərdi qaydada qiymətləndirilməsi əhəmiyyətlidir.

AQC sədri vurğulayıb ki, əsas məqsəd vətəndaşı keçmişdə yol verdiyi maliyyə səhvinə görə daimi olaraq kredit imkanlarından məhrum etmək deyil, məsuliyyətli borclanmanı təşviq etmək və banklarla müştərilər arasında sağlam maliyyə münasibətlərini formalaşdırmaq olmalıdır.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki