Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) Hörmüz boğazı ətrafında minlərlə dənizçinin hələ də təhlükəli vəziyyətdə qaldığını açıqlayıb.
IMO-nun baş katibi Arsenio Dominqez bildirib ki, bölgədə mahsur qalan dənizçilər uzun müddətdir təhlükəsizlik riski və ciddi psixoloji təzyiq altında yaşayırlar. Onun sözlərinə görə, bu vəziyyət həm humanitar, həm də qlobal ticarət və enerji təhlükəsizliyi baxımından ciddi problem yaradır.
Dominqez qeyd edib ki, dənizçilərin təhlükəsiz təxliyəsi üçün xüsusi dəniz dəhlizlərinin yaradılması istiqamətində işlər davam edir. O vurğulayıb ki, ticarət gəmiləri və dənizçilər geosiyasi qarşıdurmaların qurbanına çevrilməməlidir.
Qeyd edək ki, ABŞ/İsrail-İran müharibəsindən sonra Hörmüz boğazında gəmi hərəkəti demək olar dayanıb və bölgədə 20 minə yaxın dənizçinin mahsur qaldığı bildirilir.
