Hörmüz boğazı ətrafında artan hərbi gərginlik qlobal enerji bazarlarında ciddi dalğalanmaya səbəb olub. İran tərəfindən iki xarici gəmiyə müdaxilə edilməsi və bölgədə hərbi aktivliyin artması neft qiymətlərini sürətlə yüksəldib.
Referans Media xəbər verir ki, hadisələr fonunda WTI nefti təxminən 97 dollara yüksəlib. Brent nefti yenidən 106 dollar səviyyəsinə çatıb. Hörmüz boğazı dünya neft tədarükünün böyük hissəsinin keçdiyi strateji nöqtə olduğu üçün burada baş verən hər hadisə qlobal bazarlara birbaşa təsir göstərir.
Məlumata görə, ABŞ bölgədə İranla bağlı dəniz blokadası qərarını davam etdirir. ABŞ Prezidenti Donald Tramp bu istiqamətdə orduya göstəriş verdiyini açıqlayıb.
Eyni zamanda İsrail və İran arasında artan qarşıdurma enerji bazarlarında qeyri-müəyyənliyi daha da gücləndirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında təhlükəsizliyin pozulmasını “qırmızı xətt” adlandıraraq, bölgədə vəziyyətin daha da gərginləşə biləcəyini bildirib.
Ekspertlər bildirir ki, Hörmüzdə hər hansı blokada qlobal neft tədarükünün təxminən 20%-nə təsir edir. Gərginliyin davamı qiymətləri daha da yüksəldə bilər. Bu vəziyyət qlobal inflyasiya riskini artırır























