İlham Əliyevdən Türk dünyası ilə bağlı mühüm mesaj: Hədəflər açıqlandı

Prezident İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib. Dövlət başçısı çıxışında bir çox mühüm məqama toxunub.

Əvvəla onu deyim ki, Azərbaycan hazırda TDT-ın inkişaf edib güclənməsində maraqlı olan ən aktiv ölkədir. Təşkilat uzun müddətdir mədəni, tarixi, iqtisadi sahələrdə mühüm irəliləyiş əldə edib.

Prezident İlham Əliyev çıxışı zamanı təşkilatın ümumi fəaliyyətini belə xarakterizə edib.

Sitat:

“Ona görə də əminliklə demək olar ki, təxminən iyirmi illik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq”.

Prezident çıxışnda həmçinin bildirib: “Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək”.

Həm Bakı, həm də təşkilatın digər üzv ölkələri açıq şəkildə Türk dünyasının yalnız mədəni və tarixi yaxınlıq üzərində birləşən məkan kimi deyil, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və beynəlxalq münasibətlər sahələrində koordinasiyalı fəaliyyət göstərən siyasi güc kimi formalaşmasını istəyir. Prezidentin fikirlərində də təşkilatın gələcəyi barədə hədəf, Azərbaycanın bu prosesdə öz üzərinə götürdüyü təşəbbüskar rol və Türk dövlətlərinin qarşılaşdığı təhlükələrin artıq bir-birindən ayrı təsəvvür edilməməsi xətti diqqət çəkirdi.

Aydın məsələdir ki, təhlükəsizlik yalnız sərhədlərin qorunması, hərbi təhdidlərin qarşısının alınması və ya dövlətlərarası münasibətlərin sabitliyi ilə məhdudlaşdırmır. Elə Prezidentin çıxışında da təhlükəsizlik anlayışı enerji marşrutlarından tutmuş gənclərin dünyagörüşünə, beynəlxalq hüququn işləkliyindən ictimai-siyasi sabitliyə qədər uzanır. Məncə, bu yanaşma Bakının TDT çərçivəsində əməkdaşlığa necə baxdığını anlamaq üçün əsas açardır.

Misal üçün, bir neçə gün əvvəl türk dövlətlərinin dini liderləri, ardınca isə təhlükəsizlik şuralarının katibləri Bakıda bir araya gəldi. Bu görüşlər biri-birindən fərqli görünsə də, əslində, eyni siyasi çərçivədə inkişaf edən vahid məqsəddən xəbər verir.

Prezidentin çıxışında daha geniş bir hədəf sezilir. Yəni TDT üzv dövlətlərin ortaq maraqlarını beynəlxalq siyasətdə ifadə edə bilən, iqtisadi və nəqliyyat imkanlarını birləşdirən, təhlükəsizlik məsələlərində koordinasiyalı fəaliyyət göstərən siyasi mərkəzə çevrilməlidir.

Azərbaycanın üstünlüyü bir neçə amilin kəsişməsində yerləşməsidir. Misal üçün, Türkiyə ilə müttəfiqlik münasibətləri, Mərkəzi Asiya dövlətləri ilə sıxlaşan əlaqələr, Avropa ilə Asiya arasında coğrafi mövqe və enerji-nəqliyyat layihələrindəki tranzit imkanlar Bakını təşkilatın lokomotivi halına gətirir.

Prezidentin dediyi kimi: “Azərbaycanın coğrafi mövqeyi – Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi və həm TDT-nin Mərkəzi Asiya üzv dövlətləri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqələri – təbii olaraq, nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin bütün ölkələrimizin xeyrinə maksimum dərəcədə həyata keçirilməsində oynadığımız rolu vurğulayır”.

Burada “bütün ölkələrimizin xeyrinə” ifadəsi xüsusilə vacibdir. Çünki Azərbaycanın TDT çərçivəsindəki təşəbbüslərini yalnız milli iqtisadi mənfəət prizmasından deyil, daha geniş regional əməkdaşlıq çərçivəsində görür. Əlbəttə, hər bir dövlət öz maraqlarını güdür. Ancaq Azərbaycanın təqdim etdiyi modeldə həmin maraqların digər türk dövlətlərinin inkişafı və bağlantıları ilə uzlaşması nəzərdə tutulur.

Bakı üçün bu, eyni zamanda öz geosiyasi əhəmiyyətini artırmaq imkanıdır. Mərkəzi Asiya ilə Türkiyə arasında əlaqələr genişləndikcə, Azərbaycan həmin əlaqələrin mühüm tranzit və siyasi qovşaqlarından biri kimi çıxış edə bilər. Beləliklə, TDT-nin güclənməsi ilə Azərbaycanın regional çəkisinin artması bir-birini tamamlayan proseslərə çevrilir.

TDT-nin üzv dövlətləri geniş coğrafiyada yerləşir və onların qarşılaşdıqları çağırışlar eyni vaxtda, eyni formada meydana çıxmır. Müntəzəm zirvə görüşləri strateji istiqamətləri müəyyənləşdirmək üçün vacibdir, amma dəyişən regional vəziyyət daha çevik siyasi məsləhətləşmələr tələb edə bilər. Azərbaycanın Şuşada qeyri-rəsmi sammit təşəbbüsü də bu baxımdan simvolik və siyasi məna daşıyır. Şuşa türk dövlətlərinin siyasi dialoqu üçün məkan olmaqla yanaşı, Azərbaycanın öz regional mövqeyini və təşkilat daxilindəki təşəbbüskarlığını nümayiş etdirdiyi ünvan kimi çıxış edir.

Azərbaycanın TDT-dəki mövqeyini gücləndirən əsas amillərdən biri Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında qurulan əlaqələrdir. Prezident çıxışında Azərbaycanın həm Mərkəzi Asiyanın türk dövlətləri, həm də Türkiyə ilə fəal münasibətlərini xüsusi qeyd edir. Bu, ölkəmizin coğrafi mövqeyinin yalnız xəritədəki yerləşmə ilə bağlı olmadığını göstərir. Siyasi əlaqələr və iqtisadi əməkdaşlıq həmin coğrafiyanı real bağlantı imkanına çevirir.

Bu baxımdan Azərbaycan TDT daxilində şərq-qərb istiqamətində əməkdaşlığın inkişafına töhfə verə biləcək ölkələrdən biridir. Mərkəzi Asiyanın enerji və digər iqtisadi resurslarının Xəzər üzərindən Qərbə daşınması, Türkiyə ilə əlaqələrin genişləndirilməsi və Avropa bazarlarına çıxış imkanları bir-birini tamamlayan istiqamətlərdir.

Bakı üçün bu istiqamətin daha bir əhəmiyyəti var. TDT-nin geosiyasi çəkisi yalnız siyasi bəyanatlarla deyil, üzv dövlətlərin bir-birinə real ehtiyac duymasını təmin edən iqtisadi və nəqliyyat əlaqələri ilə də möhkəmlənə bilər. Bu isə Azərbaycanın coğrafi mövqeyini təşkilatın ümumi maraqları ilə birləşdirən əsas məqamlardan biridir.

Prezidentin çıxışında Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında sənədlər imzaladığı xüsusi vurğulanıb. Dövlət başçısı, həmçinin üzv ölkələrlə qarşılıqlı səfərlərin və ikitərəfli əlaqələrin fəallığını qeyd edir.

Bu məqam Azərbaycanın TDT-dəki mövqeyinin yalnız çoxtərəfli formatla qurulmadığını göstərir. Bakı təşkilat daxilində əməkdaşlığı ikitərəfli münasibətlərlə paralel inkişaf etdirir. Ümumiyyətlə, ikitərəfli əlaqələrin güclü olması çoxtərəfli təşkilatın fəaliyyətinə də təsir edir. Bununla Azərbaycan TDT-nı daha sağlam təməllər əsasında formalaşdırmaq istəyir./globalinfo.az/

turan rzayev 1 900x720 1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki