Valyuta bazarında vəziyyət dəyişə bilər – Dollar və manatı gözləyən SSENARİ

Dolların 2027-ci ildə də 1 manat 70 qəpik səviyyəsində qalacağı proqnozlaşdırılır. Hətta bu rəqəm 2030-cu ilə qədər olan ilkin proqnozlarda da dəyişməyib. Amma məzənnəyə təsir edən neft qiyməti, ixrac gəlirləri və dollar tələbi kimi amillər var.

Hansı halda bu sabitlik qəfil pozula və dollar bahalaşa bilər? 

Referans Media bildiri ki, növzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, əslində Azərbaycan Mərkəzi Bankı (AMB) özü müdaxilə edərək məzənnəni bu səviyyədə saxlayır:

“Buna görə də burada söhbət proqnozdan çox, məzənnənin müəyyən edilməsindən gedir. Bazar iqtisadiyyatında qiymətlər, o cümlədən xarici valyutanın məzənnəsi bazar qanunları əsasında formalaşır. AMB isə bazara müdaxilə etməklə dolların məzənnəsini sabit saxlayır. Məsələn, bazardan böyük həcmdə dollar alaraq onun həddən artıq ucuzlaşmasının qarşısını alır. AMB strateji ehtiyatlarından istifadə edib bazara dollar çıxarıb məzənnəni yuxarıda saxlamağa çalışdığı dönəm də olub. Hazırda isə AMB müdaxilə etməsə, dolların məzənnəsi düşər. Halbuki müdaxilə olmadığı halda, dolların məzənnəsi aşağı da düşə bilər, hətta 1,4 manata və ya daha aşağı səviyyəyə enməsi mümkündür. Digər tərəfdən, iqtisadiyyata fiskal müdaxilə də var ki, o da əksinə, dolların məzənnəsini ucuzlaşdırır. Bu, Neft Fondunun dövlət büdcəsinə transfertləridir. Hər il iqtisadiyyata Neft Fondundan böyük həcmdə dollar daxil olur və bu, dolların məzənnəsini salan faktordur. AMB isə həmin dollarların bir hissəsini bazardan almaqla dolların məzənnəsinin ucuzlaşmasının qarşısını alır, onu sabit saxlayır”.

elcin 1 1

Elçin Rəşidov

İqtisadçı bildirib ki, burada iki müdaxilə mövcuddur:

“Biri Neft Fondunun büdcəyə transferi, digəri isə AMB-nin bu transfert nəticəsində yaranan artan dollar təklifinin azaldılmasıdır. Neft Fondunun müdaxiləsinin məqsədi məzənnəyə təsir etmək deyil, büdcə kəsrini maliyyələşdirməkdir. Lakin bunun mənfi yan təsiri olaraq dollar çox ucuzlaşır ki, bu da iqtisadiyyatımızın rəqabət qabiliyyətinin aşağı salır. AMB-nin müdaxiləsinin birbaşa məqsədi isə məzənnəni sabit saxlamaqdır. Bu müdaxilə ilə AMB makroiqtisadi stabillik yaratdığını düşünür. Lakin, fikrimcə, əksinə, stabilliyi azaldır. Müdaxilə olmayan sərbəst bazarda, yəni üzən məzənnə rejimində iqtisadiyyatda avtomatik stabilləşdirici mexanizm yaranır: ölkənin gəlirləri azaldıqda milli valyuta da zəifləyir və bu, rəqabət qabiliyyətini artıra və nəticədə iqtisadiyyatın yenidən canlanmasına yol açır. Bizdə isə sabit məzənnə siyasəti belə bir sabitlşdirici mexanizmi aradan çıxarır.

AMB bir neçə ildir “dolların məzənnəsi 1,7 manat qalacaq” mesajı verir. Lakin buna baxmayaraq, bazarda devalvasiya riski ilə bağlı gözləntilər mövcuddur. Bu, özünü manatla və dollarla faiz dərəcələri arasındakı fərqdə göstərir. Manatla faizlərin yüksək olması devalvasiya riskinə görə formalaşan risk premiumunu əks etdirir. Başqa sözlə, devalvasiya risk premiumu = manatla faiz dərəcəsi – dollarla faiz dərəcəsi”.

Ekspert qeyd edib ki, faizlərin yüksək olması kreditləşməni və investisiyaları məhdudlaşdırır:

“İnsanlar pullarını şirkətlərə sərmayə qoymaq əvəzinə, yüksək faizlə bank depozitlərinə yerləşdirməyə üstünlük verirlər. Şirkətlər isə yüksək faizlə kredit götürmək məcburiyyətində qalırlar. Bu da normal bazar mexanizminin formalaşmasına mane olur. Mərkəzi Bank öz məsuliyyət daşıdığı sahədə riskləri azaltmalıdır. Bu gün isə əsas mesaj dolların məzənnəsinin 1,7 manat səviyyəsində qalacağı və faizlərin dəyişməyəcəyidir. Əgər AMB buna həqiqətən əmindirsə, bunu sığortalayan mexanizm təqdim etməlidir.

2015-ci ildə də devalvasiya olmayacağı ilə bağlı mesajlar verildi, lakin sonradan devalvasiya baş verdi. Həmin dövrdə müəyyən həddə qədər olan əmanətlər üzrə devalvasiyadan yaranan fərqin kompensasiya edilməsi mexanizmi tətbiq olundu. İndi də Mərkəzi Bank məzənnənin sabit qalacağına əmindirsə, bunu əvvəlcədən sığortalayan mexanizm təqdim edə bilər. Belə bir mexanizm tətbiq olunarsa, bazarın devalvasiya ilə bağlı risk gözləntiləri azalar. Bu isə manatla faiz dərəcələrinin aşağı düşməsinə və dollarla faizlərə yaxınlaşmasına şərait yarada bilər. Kredit faizlərinin əhəmiyyətli dərəcədə azalması isə investisiyaların artmasına imkan verər.

Mən iki il əvvəl də AMB-nin keçmiş sədrinə bu barədə təklif vermiş, məsələni yazılı şəkildə aidiyyəti qurumlara çatdırmışam. Lakin təkliflər bu günə qədər normal şəkildə qəbul edilməyib. Uzunmüddətli perspektivdə vəziyyət dəyişə, neft qiymətlərinin artması və digər amillər iqtisadi göstəricilərə təsir edə bilər. Neft Fondunun səmərəli idarə olunması ilə bağlı da müxtəlif sistemik səbəblər mövcuddur. Fondun gəlirlərinin digər investisiya fondları ilə müqayisədə aşağı olması və transfertlərin böyük həcmdə həyata keçirilməsi onun dayanıqlılığına təsir edən amillərdəndir.

Neft Fondunun transfertlərinin azaldılması da bu baxımdan gündəmə gəlir. Lakin transfertlərin dayandırılması iqtisadiyyatda dollar təklifini azaldacağından, bu halda dolların manatla məzənnəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi mümkündür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki