İnfarktın səssiz əlamələtləri – BUNLARA DİQQƏT!

  Azərbaycanda son illər ürək tutmalarının, xüsusilə də gənclər arasında qəfil ürəktutma səbəbindən ölümlərin artması narahatlıq doğurur. Bu problemin səbəbləri, qarşısının alınması haqqında məlumatlar hamıya maraqlıdır.

Referans.az  xəbər verir ki , məsələ ilə bağlı Milli Məclisin deputatı, kardioloq Rəşad Mahmudov Sfera.az-a açıqlamasında bildirib ki, müasir dövrdə insanların həyat tərzi köklü şəkildə dəyişib və bu, ürək sağlamlığına ciddi təsir göstərir:

“Son illər ürək-damar xəstəliklərinin artmasının başlıca səbəblərindən biri insanların hərəkətsiz həyat tərzi sürməsidir. Əksəriyyət günün böyük hissəsini oturaq şəraitdə, kompüter və ya telefon qarşısında keçirir. Hərəkətsizliklə yanaşı, stress, siqaret və spirt istifadəsi, eləcə də fast-food qidalanma vərdişləri ürək sağlamlığını ciddi şəkildə zədələyir. İnsan orqanizmi hərəkət və balanslı qidalanma ilə sağlam qalır, lakin biz bu prinsipləri gündəlik həyatımızda demək olar ki, unuduruq”.

Deputat əlavə edib ki, düzgün yuxu rejiminin pozulması, yuxusuzluq və davamlı stress ürək ritminə birbaşa təsir edir:

“Gecə yuxusunun azlığı orqanizmdə hormonal disbalansa, təzyiqin qalxmasına və damarların daralmasına səbəb olur. Uzunmüddətli stres bədəndə adrenalin səviyyəsini artırır, bu isə ürək əzələsinə zərbə vurur. Bir çox insan həkimə yalnız ciddi ağrılar və ya narahatlıq hiss etdikdə müraciət edir. Halbuki, xolesterin, şəkər və təzyiq kimi göstəricilərin mütəmadi izlənməsi çox vacibdir. Bəzən xəstəlik illərlə gizli şəkildə inkişaf edir və ilk əlamət birbaşa infarkt şəklində ortaya çıxır. 35 yaşdan yuxarı hər bir insan ildə ən azı bir dəfə kardioloji müayinədən keçməlidir, stres EKQ, Exo-KQ və qan analizləri həyat qurtaran testlərdir”.

Kardioloq həmçinin gənclər arasında qəfil ürəktutmalarının səbəblərinə toxunub:

“20-30 yaş arası gənclərdə ürəktutmalarının bir hissəsi ürəyin elektrik sistemindəki ritm pozğunluqları ilə bağlıdır. Bu hallar bəzən genetik xarakter daşıyır. Lakin bu gün ən çox müşahidə olunan səbəblərdən biri enerji içkiləri, qəfil intensiv fiziki yüklənmə və stimulant maddələrin istifadəsidir. Gənclər orqanizminə bu cür yüklənmələr etməklə ürək əzələsini gözlənilmədən sınağa çəkirlər”.

Mütəxəssis bildirib ki, ürək-damar xəstəlikləri ilə mübarizədə əsas addım öz sağlamlığını prioritetə çevirməkdir:

“Ürək sağlamlığı birdən-birə qorunmur, bu illərlə formalaşan həyat tərzinin nəticəsidir. Düzgün qidalanma, hərəkətli həyat, stressin idarə olunması və mütəmadi tibbi nəzarət, bunlar hər bir insanın gündəlik vərdişinə çevrilməlidir. Əgər insanlar bu qaydalara əməl etsələr, qəfil ürək ölümü halları əhəmiyyətli dərəcədə azalacaq”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki