İngiltərədə casus qalmaqalı: Çempionşip finalı təxirə salına bilər

İngiltərə Çempionşipdə finala yüksələn "Sauthempton" haqqında “casusluq” iddiaları gündəmi qarışdırıb. İddialara görə, klubun analitiklərindən biri yarımfinal öncəsi rəqib komandanın məşqini gizli şəkildə izləyib.

Referans Media xəbər verir ki, "Midlsbro FK" rəhbərliyi məsələ ilə bağlı sübutları İngiltərə Futbol Liqasına təqdim etməyə hazırlaşır.

Məlumata görə, yarımfinalın ilk oyunundan əvvəl "Sauthempton"da çalışan bir analitik "Midlsbro"nun məşq prosesini gizli şəkildə görüntüləməkdə ittiham olunur. Dosyada məşq bazasının yaxınlığında ağac arxasında gizlənərək mobil telefonla çəkiliş etdiyi iddia edilən şəxsin fotosunun da yer aldığı bildirilir.

İngiltərə Futbol Liqası məsələ ilə bağlı qərarın mayın 19-dək açıqlanacağını bəyan edib. Qurumun yaydığı açıqlamada bildirilib ki, müstəqil intizam komissiyasının iclası yaxın günlərdə keçiriləcək və yekun qərar sübutlar araşdırıldıqdan sonra elan olunacaq.

Qalmaqal yalnız "Sauthempton"u deyil, həm də iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Sity" komandasını da yaxından maraqlandırır. Belə ki, mayın 23-də keçirilməsi planlaşdırılan Çempionşip play-off finalının təxirə salına biləcəyi ehtimal edilir.

EFL açıqlamasında qeyd edib ki, hazırda final oyununun planlaşdırıldığı tarixdə keçirilməsi əsas götürülür. Bununla yanaşı, intizam prosesinin nəticəsindən asılı olaraq təqvimdə dəyişikliklərin mümkün olduğu da vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki