İpoteka krediti üzrə ilk ay və ya ilk bir neçə ayın ödənişini əvvəlcədən və ya əlavə məbləğlə etmək ümumi faiz yükünü azaldırmı?
Bu sualla bağlı yaranan fikirlərə aydınlıq gətirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Referans Media-ya açıqlamasında bildirib ki, bu, bankların xüsusi tətbiq etdiyi mexanizm deyil.
Onun sözlərinə görə, ipoteka krediti üzrə vətəndaş bankın müəyyən etdiyi annuitet ödənişindən əlavə məbləğ ödədikdə, həmin vəsait əsas borcdan çıxılır və nəticədə borcun ümumi məbləği azalır.
"Əlavə ödənişlər əsas borcdan silinir. Bunun nəticəsində sonrakı dövrlərdə hesablanan faiz məbləği də azalır. Lakin bu, hər ay üçün müəyyən edilmiş faiz dərəcəsinin dəyişməsi demək deyil", – deyə o bildirib.
V.Oruc qeyd edib ki, əlavə ödəniş zamanı adətən iki seçim olur. Birinci halda kreditin aylıq ödənişi saxlanılır, lakin əsas borc azalır və nəticədə kredit müddəti qısalır. Bu halda ümumi ödəniləcək faiz məbləği də azalır.
İkinci halda isə əlavə ödəniş edilsə də, kredit müddəti dəyişmir, növbəti aylarda aylıq ödəniş məbləği azalır. Bu variantda faiz yükündə ciddi dəyişiklik baş vermir.
Ekspert vurğulayıb ki, bankın müəyyən etdiyi standart ödəniş cədvəlinə uyğun hərəkət edən borcalan üçün faiz məbləği müqavilədə nəzərdə tutulduğu qaydada hesablanır. Faiz yükünü azaltmağın əsas yolu isə imkan yarandıqca əlavə ödənişlər etməklə əsas borcu azaltmaqdır.
Vüqar Orucun sözlərinə görə, məsələn, 150 min manat məbləğində 25 illik ipoteka krediti götürən şəxs ilk 3-5 il ərzində əlavə olaraq 5-10 min manat ödəyərsə, həmin məbləğ əsas borcdan çıxılır. Nəticədə kreditin sonuna qədər hesablanacaq faiz daha aşağı olur və ümumi ödəniş azalır.
Bununla belə, ekspert hesab edir ki, əvvəlcədən böyük məbləğ ödəməyin hər zaman iqtisadi baxımdan üstünlüyü olmaya bilər. Çünki inflyasiya səbəbindən uzun illər sonra ödənilən pulun real dəyəri azalır.
"Əgər məqsəd faiz yükünü azaltmaqdırsa, vətəndaşın imkanı olduqca əlavə ödəniş etməsi daha məqsədəuyğundur. Bu halda əsas borc azalır, kredit müddəti qısalır və nəticədə ümumi faiz ödənişi də aşağı düşür", – deyə Vüqar Oruc əlavə edib.
Gülnaz Abdullazadə
