backend

İran şahı istədi, Alman ordusu aldı: dünyaca məşhur avtomobilin arxasındakı “Pəhləvi” detalı

Dünyanın ən köklü avtomobil istehsalçılarından biri olan “Mercedes-Benz”in ikonlaşmış modellərindən sayılan G-Class (G-Wagen)-in yaranma hekayəsi maraqlı siyasi və tarixi detallarla zəngindir. Təxminən 46 ildir istehsal olunan və bu gün həm lüks, həm də hərbi məqsədlərlə istifadə edilən modelin ideya əsasını isə dövrünün İran şahı Məhəmməd Rza Pəhləvi qoyub.

Referans Media xəbər verir ki, 1970-ci illərin əvvəlində formalaşan layihə İran şahının ordunu modernləşdirmək planının tərkib hissəsi idi. Həmin dövrdə ABŞ-la yaxın münasibətlərə malik olan İran, Sovet İttifaqı ilə sərhəddə yerləşdiyi üçün regionda strateji əhəmiyyət daşıyırdı. Şah Pəhləvi həm hərbi, həm də mülki istifadəyə uyğun, çevik və dayanıqlı bir yolsuzluq avtomobilinə ehtiyac duyurdu və bu məqsədlə əsas səhmdarlarından biri olduğu “Mercedes-Benz”ə müraciət etdi. O, layihə reallaşacağı təqdirdə ilk iri sifarişi İran ordusu adından verəcəyini bildirdi.

Bu təklifdən sonra Mercedes-Benz hərbi texnika istehsalı sahəsində təcrübəyə malik Avstriyanın Steyr-Daimler-Puch şirkəti ilə əməkdaşlığa başladı. İlkin prototiplər dizaynın kəskin xətlərini daha aydın göstərmək üçün ağac materialdan hazırlandı. Layihə çərçivəsində avtomobilin həm hərbi, həm də mülki versiyalarının hazırlanması planlaşdırıldı.

1979-cu ildə “G-Wagen” bazara üç fərqli kuzov variantı – ikiqapılı kabrio, ikiqapılı universal və dördqapılı universal ilə çıxarıldı. Lakin İran üçün nəzərdə tutulan ilk iri sifariş heç vaxt təhvil verilmədi. 1978-ci ildə başlayan etirazlar 1979-cu ildə İran İslam İnqilabı ilə nəticələndi, şah ölkəni tərk etdi və Qərb ölkələri ilə münasibətlər kəskin şəkildə pozuldu. Bu səbəbdən “Mercedes-Benz” İran ordusu üçün istehsal etdiyi “G-Wagen” avtomobillərini çatdıra bilmədi.

Buna baxmayaraq, model qısa müddətdə Almaniya ordusunun diqqətini çəkdi və hərbi məqsədlərlə istifadə olunmağa başladı. Paralel olaraq mülki bazarda da satışa çıxarılan “G-Wagen” 1980-ci ildə Roma Papasının xalqı salamlaması üçün istifadə edilən xüsusi versiyası ilə daha da məşhurlaşdı. Sonrakı illərdə model davamlı olaraq yeniləndi və getdikcə daha lüks xarakter aldı.

Bu gün də istehsalı davam edən G-Seriyası artıq elektrikli versiyalarla da təklif olunur. Hərbi sahədə isə Wolf-1 və Wolf-2 adlanan variantlar Alman Silahlı Qüvvələrinin istifadəsindədir. Son məlumatlara görə, Bundesver Alman ordusu Wolf-2 modelindən 1500 ədəd sifariş edib və gələcəkdə bu rəqəmin 5800-ə çatdırılması planlaşdırılır.

Beləliklə, vaxtilə İran şahının təşəbbüsü ilə gündəmə gələn “G-Wagen” layihəsi inqilab səbəbilə İrana çatdırılmasa da, illər ərzində dünya miqyasında tanınan və sevilən avtomobil əfsanəsinə çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki