image-2-38backend

İran Şuşanı ermənilərə bu cür hədiyyə etmişdi

Şuşanın işğalından bir gün əvvəl Tehranda Azərbaycan, Ermənistan və İran nümayəndə heyətləri arasında görüş keçirilmişdi. Görüşdə Azərbaycanı ölkəmizin o zamankı Ali Məclis sədri, prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədov, Ermənistanı Prezident Levon Ter-Petrosyan, İranı Prezident Əli Əkbər Haşimi Rəfsəncani təmsil eləmişdi.

Referans Media “Axar.az“a istinadla xəbər verir ki, təşəbbüskar Tehranın iddiasına görə, görüşün əsas məqsədi “Qarabağda gedən döyüşləri dayandırmaq və sülh danışıqları yolu ilə münaqişənin həllinə nail olmaq” idi. Amma tərəflər arasında Tehran bəyanatı imzalandıqdan bir gün sonra – 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Şuşa şəhərini işğal etmişdilər.

Ter-Petrosyanın Tehrana səfəri beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Azərbaycan tərəfində “atəşkəs olacaq” arxayınlığı yaratmaq üçün bir manevr idi. Bir çox siyasi ekspert hesab edir ki, İran kəşfiyyatı ermənilərin Şuşaya hücum hazırlığından xəbərsiz ola bilməzdi. Buna baxmayaraq, Ter-Petrosyanı böyük təntənə ilə qarşılamağa davam etdilər.

İran tərəfi Azərbaycan rəhbərliyini danışıqlar masasına çəkərək diqqəti cəbhədən yayındırdığı halda, Ermənistan bu vaxtdan istifadə edərək hərbi hücumu reallaşdırdı. İran işğaldan sonra Ermənistana qarşı heç bir ciddi sanksiya tətbiq etmədi, əksinə, Ermənistanla iqtisadi-siyasi əlaqələri davam etdirdi.

Mayın 8-də Çehel Sütun sarayında Ermənistan prezidentinin şərəfinə İran rəsmiləri qonaqlıq veririrdi. Şuşanın tam nəzarətə götürülməsi xəbəri Ter-Petrosyana ziyafət zamanı kağız şəklində verilir.

O, kağızı oxuduqdan sonra heç bir reaksiya vermir, sadəcə yanındakı köməkçisinə nəsə pıçıldayır və ziyafəti davam etdirir və İran rəsmiləri ilə badələr qaldırılır.

Azərbaycan tərəfi dərhal İran rəhbərliyinə müraciət edərək Ermənistanın sazişi pozduğunu bildirsə də, İran tərəfi heç bir reaksiya vermir və ermənilərə dəstəyini açıq göstərir.

Mollalar “hər şey düzələcək” deyərək Azərbaycan heyətini oteldə gözlədirdilər. Həmin saatlarda İranın vasitəçi nümayəndəsi Mahmud Vaezi Azərbaycan heyətinə deyirdi: “Narahat olmayın, biz İrəvanla danışdıq, atəş dayandırılacaq”.

Erməni mənbələri illər sonra etiraf edirdilər ki, Ter-Petrosyan İsfahandakı həmin banketdə faktiki olaraq Şuşanın ələ keçirilməsini qeyd edirdi.

İran tərəfi nə edə bilərdi? “Rəsmi səfər idi və diplomatik qaydalar var” deyənlərə cavab verim ki, ən azından izahat tələb edə bilərdi, yaxud səfəri dərhal dayandırıb işğalı pisləyən bəyanat yaymalı idi, ardınca isə Ermənistana sanksiyalar tətbiq edə bilərdi. İranın sanksiyaları Ermənistanı məhv edə bilərdi.

Vasitəçilik barədə beynəlxalq qaydalara uyğun olaraq, İran vasitəçi dövlət kimi Ermənistanın sazişi (Tehran bəyanatını) pozduğunu BMT-də və İslam Əməkdaşlıq Təşkilatında ən sərt şəkildə qaldıra, Ermənistanı təcavüzkar dövlət elan edə bilərdi.

Şuşanın süqutu tam yəqinləşdikdən sonra Ter-Petrosyan ziyafəti tərk edib dərhal Ermənistana qayıtmaq istədi. İran tərəfi ona xüsusi təyyarə və sürətli dəhliz təmin etdi ki, o, beynəlxalq ictimaiyyətin suallarından yayınaraq “zəfərini” İrəvanda qeyd etsin.

Bu, Azərbaycan tərəfi üçün “arxadan vurulan zərbə” idi və bu zərbəni İran rejimi, mollalar vurdular. İsfahandakı o banketdə ermənilər və farslar birgə qədəhləri Azərbaycanın məğlubiyyətinə qaldırmışdı.

Hadisədən bir neçə il sonra İranın bu addımını əsaslandırması barədə mediaya sızan bəzi diplomatik qeydlərdə belə bir fikir keçirdi:

“Güclü və müstəqil Azərbaycan İranın şimal sərhədlərində ideoloji partlayış deməkdir”.

Bir sözlə, o illərdə belə bir deyim yaranmışdı: “Mollalar hər cümə günü Qüdsün azadlığı üçün dua edir, amma hər gün erməni tanklarına yanacaq daşıyır ki, müsəlman Azərbaycan xalqı məhv olsun və torpaqları işğal edilsin”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki