Ermənistanda yaşayan iranlılar İranın İrəvandakı nümayəndəliyi qarşısında aksiya keçiriblər. Aksiyaçıların ölkələrində hökumətə qarşı davam edən etirazlara dəstək verdiklərini vurğulaması Tehranda birmənalı qarşılanmayıb.
İranın Ermənistandakı səfiri Xalil Şirqolami mətbuat konfransında bu məsələyə görə İrəvan hökumətini qınayıb və sərt tənqid edib.
Bu hadisə iki ölkə arasında münasibətləri gərginləşdirə və əlaqələrin soyumasına səbəb ola bilərmi?
Referans Media bildirir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, İran daim Azərbaycana qarşı yanlış siyasət yürüdüb:
“Xüsusilə işğal dövründə və ondan sonrakı mərhələdə Ermənistana birtərəfli qaydada dəstək verməklə. Bunu ona görə edirdilər ki, işğal davam etsin, Azərbaycan güclənməsin və Ermənistan Azərbaycana qarşı təhdid olaraq qalsın. Bu yanlış siyasətin kökündə mühafizəkarların Azərbaycanı İrana təhlükə kimi görməsi dayanırdı. Halbuki Azərbaycan dəfələrlə və ən yüksək səviyyədə rəsmən bəyan edirdi ki, İrana qarşı yalnız dostluq və qonşuluq prinsipləri əsasında siyasət yürüdür, eyni zamanda öz ərazisindən İrana qarşı üçüncü qüvvələrin istifadəsinə icazə verməyəcək. Azərbaycan bu yanaşmanı praktiki olaraq sübut edib.
Bütün bunlara rəğmən, İranın yanaşması dəyişmədi, daha doğrusu, SEPAH-ın müəyyənləşdirdiyi xarici siyasət xüsusilə Azərbaycanla münasibətlərin gərgin qalmasını prioritet hesab edir. Mühafizəkarların Azərbaycanı nəzəri cəhətdən ittiham etdiyi prosesləri sonradan Ermənistan praktiki olaraq həyata keçirməyə başladı. Avropa İttifaqının müşahidə missiyasının bölgəyə gəlməsi, ABŞ hərbçiləri ilə bağlı müxtəlif addımların atılması və s. kimi proseslər İranı narahat etməyə bilməzdi. Amma buna baxmayaraq, Tehran susqunluğunu saxlamağa çalışır və Ermənistan siyasətinə korrektələr etməyə ehtiyac duymurdu”.
Siyasi şərhçi bildirib ki, TRİPP layihəsinin reallaşması ilə Tehran Ermənistan siyasəti ilə bağlı daha çətin vəziyyətə düşdü:
“Ermənistanın, xüsusilə Azərbaycanla imzalanan ilkin sülh sazişindən sonra, İrəvanın öz ərazisini ABŞ-ın nəzarətinə verməsi fonunda ABŞ ilə münasibətlərində inkişaf, İranla isə mənfi münasibətlərin formalaşması perspektivi yarandı. Nəticədə Azərbaycanın İranın yanlış siyasəti ilə bağlı tənqidi fikirləri özünü doğrultdu. Bununla da İranla Ermənistan arasında mümkün qədər gizli saxlanılmağa çalışılan soyuq münasibətlər açıq müstəviyə daşındı.
Baş verənlər İran–Ermənistan münasibətlərində mövcud problemləri daha da dərinləşdirəcək. İranın Azərbaycanla münasibətlərinin inkişaf perspektivləri isə Prezident Məsud Pezeşkianın tezislərinin həyata keçirilməsi perspektivindən asılı olacaq və bu istiqamətdə böyük imkanlar mövcuddur”.























