Liviyanın öldürülmüş lideri Müəmmər Qəddafinin qızı Aişənin İran xalqına müraciəti zamanı nüvə proqramı ilə bağlı dedikləri diqqət çəkib.
Sitat: “Qərb imperialistlərinin cazibədar sözlərinə və şüarlarına aldanmayın. Bir zamanlar atam Müəmmər Qəddafiyə belə demişdilər: “Nüvə və raket proqramlarından imtina et, dünya da sənə qapılarını açsın”. Atam “xoş niyyət və dialoqa inamla” güzəştlərə getdi, lakin sonu faciəvi oldu”.
Müəmmər Qəddafinin nüvə proqramı olub?
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli xatırladıb ki, Liviya bir vaxtlar nüvə proqramından imtina etmişdi:
“Bu qərarla Qəddafi rejiminin devrilməsi arasında birbaşa səbəb-nəticə əlaqəsi qurmaq doğru olmaz. İstənilən halda Liviyanın nüvə proqramını tamamlamağına imkan verilməyəcək və ölkə ciddi sanksiyalarla üzləşəcəkdi. İranın son onilliklərdə bütün cəhdlərinə baxmayaraq nüvə silahına sahib ola bilməməsi bunu aydın şəkildə göstərir. Bu baxımdan Liviya da istisna olmayacaqdı. Həmin dövrdə Müəmmər Qəddafi fərqli siyasi yol seçdi və qısa müddət üçün öz rejiminin mövcudluğunu uzatmağa nail oldu.
Lakin Qəddafi rejiminin devrilməsi nüvə proqramı yox, əsasən bir çox məsələlərdə Qərb dövlətləri ilə maraqların uzlaşmamasına görə oldu. Eyni zamanda onun qeyri-adi və proqnozlaşdırılması çətin siyasi davranışları Avropada ciddi narahatlıq doğururdu. Qəddafi maddi resurslardan istifadə edərək Qərb ölkələrində geniş lobbiçilik fəaliyyəti həyata keçirir, hətta siyasi elitaların ən yüksək dairələrinə təsir göstərməyə çalışırdı. Bu cəhdləri Qərb siyasi elitaları bağışlamadı və nəticədə o, aparıcı dövlətlərin əsas siyasi fiqurları üçün arzuolunmaz şəxsə çevrildi”.
Politoloq bildirib ki, Müəmmər Qəddafi özünəməxsus siyasi inkişaf modeli elan etmişdi:
“Bu isə müəyyən presedent yaradırdı. Liviyanın tam müstəqillik və real suverenlik iddiası ilə çıxış etməsi, bu istiqamətdə ardıcıl mübarizə aparması da Qərb paytaxtlarında müsbət qarşılanmırdı. Bütün bu amillərin məcmusu Qəddafi rejiminin devrilməsi qərarını şərtləndirdi və Liviyada məlum proseslər baş verdi. Bununla yanaşı, ölkədaxili problemləri də diqqətdən kənarda saxlamaq olmaz. Liviyada ciddi sosial və siyasi gərginliklər mövcud idi. Bu problemləri yalnız maddi resurslar və geniş sosial dəstək paketləri ilə aradan qaldırmaq mümkün deyildi.
Aişə Qəddafi çağırışında haqlı olaraq vurğulayır ki, heç kim kənar və aparıcı dövlətlərin hansısa ölkəyə rifah, çiçəklənmə yaxud ədalətli idarəetmə sistemi gətirəcəyini gözləməməlidir. Bu, daha çox ideoloji illüziyalarla bağlıdır. Xüsusilə müasir dövrdə beynəlxalq münasibətlər sistemi güc amilinə əsaslanır. Milli maraqlar ön plana çıxır və bu, artıq əsasən yumşaq güc vasitələri ilə deyil, sərt güc potensialının nümayişi yolu ilə təmin edilir”.
Zaur İbrahimlinin sözlərinə görə, bu reallıq nəticələrini artıq praktikada göstərir:
“ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlar bunun bariz nümunəsidir. Deməli, BMT Nizamnaməsi çox vaxt real siyasətdə kağız üzərində qalır. Bu kontekstdə Qəddafinin qızının mövqeyi əsaslıdır. Xüsusilə müstəqilliyini qorumağa çalışan kiçik dövlətlər bu reallığı nəzərə almalıdırlar. Həm xarici, həm də daxili siyasətdə xarici müdaxiləyə zəmin yarada biləcək şərait formalaşdırılmamalıdır. Milli maraqlar mövcud potensiala uyğun şəkildə müəyyənləşdirilməli, etibarlı müttəfiqlər sistemi qurulmalıdır. Heç bir cəmiyyət gözləməməlidir ki, rifah və sabitlik kənardan gətiriləcək”.
Qeyd edək ki, Liviya lideri Müəmmar Qəddafi 19 dekabr 2003-cü il tarixində ölkəsinin nüvə silahı proqramını və kütləvi qırğın silahları proqramını tamamilə tərk edəcəyini elan etmişdi. Bu qərar çərçivəsində nüvə proqram rəsmi olaraq dayandırıldı və əlaqəli materiallar beynəlxalq nəzarətçilərə verildi.






















