ABŞ Dövlət katibi Marko Rubio “Fox news”a müsahibəsində İrana qarşı hərbi əməliyyatın uğurla irəlilədiyini bildirib. Onun sözlərinə görə, qarşıya qoyulan tapşırıqlar vaxtında və ya nəzərdə tutulmuş plandan əvvəl yerinə yetirilir, missiyanın başa çatması isə artıq uzaqda deyil. Amerika xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlar İranın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini əhəmiyyətli dərəcədə məhv edib. Bundan əlavə, onun qiymətləndirməsinə görə, əməliyyat raket komplekslərinin “əhəmiyyətli” hissəsinin, eləcə də ölkə ərazisindəki raket silahları və pilotsuz uçuş aparatları istehsal edən müəssisələrin ləğvi mərhələsindədir. Rubio həmçinin müəyyən mərhələdə İran rəhbərliyinin nümayəndələri ilə birbaşa danışıqların aparılması mümkünlüyünü də istisna etməyib.
Politoloq Kənan Novruzov isə Musavat.com-a dövlət katibinin açıqlamaları ilə bağlı bunları deyib: “Rubionun açıqlamasında diqqətçəkən bir neçə məqam var. O, bildirib ki, qarşıya qoyulan tapşırıqlar vaxtında və ya vaxtından əvvəl yerinə yetirilir. Buna baxmayaraq, diplomat məqsədin konkret olaraq nə olduğunu açıqlamayıb. Sual yaranır: Hədəf nə idi? Əgər rejim dəyişikliyi idisə, ABŞ hələ buna nail ola bilməyib. İranı nüvə silahı yaratmaq və uranı zənginləşdirmək ambisiyasından çəkindirmək idisə, Tehran hələ bununla da bağlı geri addım atmayıb. Doğrudur, müharibə İranı əməlli-başlı “silkələyib”. Amma bu, o demək deyil ki, ABŞ “12-dən vurub”. Hər halda Vaşinqton “Venesuela ssenarisi”ni İranda təkrarlaya bilmədi”.
Onun dediyinə görə, ikincisi, Rubio müharibənin bitməsi ilə bağlı konkret tarix açıqlamayıb: “Görünən odur ki, ABŞ-də hələ bu barədə əminlik yoxdur. Üçüncüsü, o, deyib ki, müəyyən mərhələdə İran rəhbərliyinin nümayəndələri ilə birbaşa danışıqlar aparıla bilər. Belə qənaətə gəlmək olar ki, ABŞ artıq müharibənin çətinliyini hiss edir və İranla danışıqlara can atır. Digər tərəfdənsə müharibənin genişlənmə ehtimalı da istisna deyil. Birincisi, davam edən savaşda iştirak edən kənar qüvvələr də var. Məsələn, Rusiya və Çinin İrana dəstək verdiyinə dair müəyyən məlumatlar mövcuddur. Hər iki ölkənin rəsmi Tehranı dəstəkləməsi və iddiaların doğru olması gözləniləndir. Gələcəkdə bu dəstək güclənə və açıq şəkildə özünü göstərə bilər. İkincisi, tədricən ərəb ölkələri də müharibəyə çəkilir. Bu, prosesi bir az da mürəkkəbləşdirir. Üçüncüsü, bir sıra dövlətlər müharibənin uzanmasında maraqlıdır. Məsələn, İsrail. Çünki İsrail baş naziri Benyamin Netanyahu başa düşür ki, onun hakimiyyəti məhz bu müharibələrdən asılıdır. Xalq İsrail hakimiyyətinin etdiklərindən bezib. Xüsusilə Qəzzada baş verənlərdən sonra həm daxildə, həm də xaricdə Netanyahunun reytinqi azalıb. Odur ki, rəsmi Təl-Əviv sağa-sola “ət atmaqla” xalqın başını qatır”.
Ekspert söyləyib ki, Rusiya da müharibənin bitməsini istəmir: “Birincisi, davam edən savaş nefti bahalaşdırır. Bu da neft ixracatçısı ölkə kimi rəsmi Moskvaya sərf edir. Müharibə ABŞ-nin Ukraynaya dəstəyinin azalmasına səbəb olur ki, bu da strateji baxımdan Rusiyaya sərf edir. Çinə gəldikdə isə bildirməliyik ki, bu dövlət də müharibənin bitməsinə isti yanaşmır. ABŞ-nin mümkün qədər zəifləməsi Çinin maraqlarına uyğundur. Odur ki, hətta indi bunu etmirsə belə, gələcəkdə İrana dəstək göstərməsi mümkündür. Fikrimcə, müharibənin tez zamanda başa çatması üçün hər iki tərəfin səmimi səylərinə ehtiyac var”.






















