Yunanıstanın Saloniki şəhərində hakim Yeni Demokratiya Partiyası üzvlərinin evlərinə təşkil olunan üç ayrı bombalı hücum nəticəsində 1 nəfər ölüb, çox sayda insan yaralanıb.
Məlumata görə, səhər saat 04:00-04:45 radələrində qaz balonlarından hazırlanmış əldəqayırma partlayıcılarla yaşayış binaları hədəfə alınıb.
Polis bildirib ki, yaralanmalar son hücum zamanı avtomobil və motosikletlərin yandırılması nəticəsində baş verib. Yandırılan avtomobillərdən birinin hakim partiyanın deputatlığa keçmiş namizədi Afroditi Nestoraya məxsus olduğu açıqlanıb. Yanıq xəsarətləri alan Nestoranın anası xəstəxanada həyatını itirib, binada yaşayan daha iki nəfər isə müalicə olunur.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis yaralıları ziyarət etmək üçün Salonikiyə gedərək hadisəni cəmiyyətdə "kor zorakılığın" təzahürü adlandırıb. O, radikal qrupların zorakılığına qarşı sərt mübarizə aparılacağını bəyan edib.
Hakim partiyanın rəsmisi Konstantinos Kuranakis isə hücumun terror aktı olduğunu bildirərək, partiya üzvlərinin terrorla qorxudula bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Yunanıstanda radikal qrupların siyasətçilərin, polis əməkdaşlarının və dövlət rəsmilərinin əmlakına qarşı hücumları zaman-zaman baş versə də, bu cür hadisələr adətən maddi ziyanla nəticələnir. Bu dəfə isə hücum insan itkisi ilə yadda qalıb.
