Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 438-ə çatıb

Konqo Demokratik Respublikasında mayın 15-də elan edilən Ebola epidemiyasında təsdiqlənmiş yoluxma hallarının sayı 1 406-ya, ölənlərin sayı isə 438-ə yüksəlib.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək 192 nəfər sağalıb, 609 xəstənin isə müalicəsi davam edir.

Epidemiya əsasən İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yayılıb. Ən çox yoluxma İturi əyalətində qeydə alınıb və səhiyyə işçiləri yeni yoluxma zəncirlərinin qarşısını almaq üçün tədbirləri gücləndiriblər.

Mütəxəssislərin bildirdiyinə görə, mövcud epidemiya nadir rast gəlinən Bundibuqyo Ebola virusundan qaynaqlanır və hazırda bu ştamm üçün təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu yoxdur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Ebola epidemiyası ilə əlaqədar beynəlxalq ictimai səhiyyə üzrə fövqəladə vəziyyət elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki