İran: Regionun təhlükəsizliyi ABŞ-ın bölgədən çıxması ilə təmin oluna bilər

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması üçün ABŞ bölgədən çıxmalı və dövlətlərin suverenliyinə hörmət edilməlidir.

Qəribabadi sosial şəbəkədə paylaşdığı açıqlamada ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Bəhreynin paytaxtı Manamada keçirdiyi regional hərbi toplantını tənqid edib.

O qeyd edib ki, Bəsrə körfəzində təhlükəsizlik xarici müdaxilələrin dayandırılması, ABŞ-ın bölgədən çıxması, ölkələrin suverenliyinə hörmət edilməsi və yeni geosiyasi reallıqların qəbul olunması ilə mümkündür, ABŞ-ın hərbi himayəsi ilə deyil.

İran rəsmisi həmçinin vurğulayıb ki, Hörmüz boğazı ilə bağlı məsələlər CENTCOM tərəfindən deyil, Tehranın müəyyən etdiyi çərçivədə həll olunmalıdır.

Qeyd edək ki, CENTCOM ötən gün Bəhreyndə Misir, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ və Yəməndən yüksək rütbəli hərbi nümayəndələrin iştirakı ilə regional təhlükəsizlik toplantısı keçirdiyini açıqlamışdı. Toplantıda regional təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq və Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz hərəkəti müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki