İrəvanla daha bir yenilik: Laçında həyata keçirildi, 3 məsələ gündəmə gəldi

Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin arasında baş tutan işgüzar görüş diqqət çəkib.

Görüşdə tərəflər ölkələr arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.

Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşdıqca, uzun illər bağlı qalan kommunikasiyaların yenidən işə salınması məsələsi də gündəmə gəlir. Bura elektrik enerjisi ilə yanaşı, dəmir yolları, avtomobil yolları, qaz və digər kommunikasiya xətləri də daxildir.

Referans Media bildirir ki, mövzu ilə bağlı, Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, bu, gözlənilən idi:

“Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi davam edir. Elektrik enerjisi, dəmir yolu və digər infrastruktur layihələrinin bir-birini tamamlaması təbiidir. Bu, Cənubi Qafqaz ölkələrini iqtisadi və infrastruktur baxımından bir-birinə daha sıx bağlaya bilər.

Burada xüsusilə elektrik enerjisi mühüm əhəmiyyət daşıyır. Çünki enerji sistemlərinin əlaqələndirilməsi ölkələr arasında qarşılıqlı asılılıq yaradır. Bir ölkədə istehsal olunan elektrik digər ölkəyə ötürülə, enerji çatışmazlığı zamanı qarşılıqlı dəstək mexanizmləri yaradıla bilər. Bu da öz növbəsində digər sahələrdə əməkdaşlığa zəmin formalaşdırır.

Eyni proses dəmir yollarına da tətbiq oluna bilər. Azərbaycan-Ermənistan dəmir yolu əlaqəsinin bərpası təkcə iki ölkə arasındakı nəqliyyat məsələsi deyil. Bu xəttin açılması Azərbaycanın Naxçıvanla əlaqəsini, Ermənistanın regional bazarlara çıxışını və bütövlükdə Cənubi Qafqazın Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiyasını gücləndirə bilər.

qabil huseynli esas
Qabil Hüseynli

Əslində, Sovet dövründə Azərbaycan, Ermənistan və Gürcüstanın enerji və nəqliyyat sistemləri bir-birindən təcrid olunmuş deyildi. Üç respublika vahid iqtisadi sistemin tərkibində idi, elektrik, dəmir yolu, qaz və digər kommunikasiya xətləri bir-birini tamamlayırdı. Bu sistem Moskvadan idarə olunan vahid mərkəzə tabe idi.

Lakin indi isə tamamilə fərqli vəziyyətdir. Azərbaycan, Ermənistan və Gürcüstan müstəqil dövlətlərdir və heç bir vahid mərkəzə tabe deyillər. Buna görə də hazırkı proses SSRİ sisteminin bərpası kimi qiymətləndirilə bilməz. Məncə, bu, daha çox Cənubi Qafqazda kommunikasiyaların yenidən regional şəbəkəyə çevrilməsi olar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki