“İşğala” məruz qalan Rusiya, Putinin atəşkəs XOFU – Ölkə qeyri-ruslar üçün KABUSA çevrilir

Rusiya Dövlət Dumasına gələn ay keçiriləcək seçkilər öncəsi hakim “Vahid Rusiya” partiyasının yolu “təmizlənir”. Xüsusən də Ukraynaya qarşı işğalçı müharibə mövzusunda potensial rəqiblər sıradan çıxarılmaqdadır.

Onlardan biri və birincisi hələ 1993-cü ildə, Boris Yeltsin dönəmində təsis olunan və liberal yönümlü sayılan müxalifətçi “Yabloko” partiyasıdır. Dünən bu partiya Ali Məhkəmənin qərarı ilə seçkilərdən kənarlaşdırılıb.

Məhkəmə öz qərarını “Rodina” partiyasının iddiası əsasında, səkkiz saatdan çox davam edən iclasdan sonra verib. Motiv qismində də “partiyanın seçki kampaniyası materiallarında müəllif hüquqlarını pozması və xarici maliyyələşmə ilə bağlı qanun pozuntuları” göstərilib.

Lakin əsas səbəb əlbəttə ki, bambaşqadır. “Yabloko”nun müharibə əleyhdarı olması və bu mövqeyin cəmiyyətdə yetərli tərəfdar-seçici toplaya biləcəyi ilə bağlıdır (Putinin isə seçkilərdən sonra gizli səfərbərliyə başlayacağı ilə bağlı gözlənti var). Bunu “Rodina”nın rəsmi iddiasından asanca görmək olar.

Məsələ ondadır ki, bu partiyanın məhkəmədəki nümayəndəsi “Yabloko”nun müharibə əleyhinə mövqeyini nə az, nə çox – ekstremizmə çağırış və Rusiyanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib!

Rusiya-Ukrayna müharibəsi belə bitəcək - Stavridis - Globalinfo.az

İddiaçı tərəf öz ittihamını belə əsaslandırmağa çalışıb. Sitat: “Rusiya ərazisinin bir hissəsi neonasist rejimi tərəfindən (?! – red.) işğal olunub. Təcili atəşkəs razılaşmasına çağırışlar isə işğal olunmuş ərazilərin azad edilməsini dayandırmaq və ya onları azad eləməkdən imtinaya bərabərdir”.

Sadə dildə desək, Putinin Ukraynaya qarşı 5 ildir apardığı təcavüzkar müharibəyə qarşı çıxmaq, onu dayandırmaq çağırışı eləmək olmaz. Əks halda, ekstremist, “vətən xaini” kimi damğalanacaqsan.

Sən demə, Rusiyanın hansısa ərazisi illərdir işğal altında imiş. Özü də nasistlərin işğalı altında! Və atəşkəsə getmək bu ərazilərin “işğal altında” qalması anlamına gələcək (Şimali Koreyanın gününə düşməyə nə qaldı ki)...

Əcəb işdir. Öncə sən qonşu ölkənin bir parçasını öz ərazin elan edirsən və bunu konstitusiyaya salırsan, sonra da həmin qonşu ölkənin orada qalan qanuni ordusunu işğalçı qüvvə elan edirsən. Hələ üstəlik, ona “faşist” yarlığı yapışdırırsan.

Rusiyadan və işğalçı müharibədən söz düşmüşkən, tanınmış hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında azərbaycanlılara müraciət edərək, Rusiyaya səfər etməməyə və övladlarını ora göndərməməyə çağırış edib. Hüquqşünas baş verən real bir hadisəni misal çəkərək vətəndaşları ciddi təhlükə barədə xəbərdar edib.

Onun sözlərinə görə, tanışlarından birinin oğlu Moskvada ali məktəbə daxil olub və ora çatarkən hava limanında saxlanılıb: “Hava limanında uşağın telefonunu yoxlayıblar və Çeçenistan prezidenti Ramzan Kadırova dair lağlağı şəkil tapıblar. Nəticədə uşağı həbs ediblər və indi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün kontrakt imzalamağa məcbur edirlər”.

Əkrəm Həsənov belə halların qarşısını almaq üçün valideynləri və gəncləri maksimum diqqətli olmağa, mövcud risklər səbəbindən Rusiyaya səfərlərdən çəkinməyə səsləyib (Ümid edək, məqsədi yalnız alı təhsil almaq olan bu gəncin sonrakı taleyi yaxşı olacaq, Azərbaycan XİN-i də gərəkəni edəcək).

Beləcə, Rusiya siyasi mübarizə aparmaq, yaşamaq və təhsil almaq üçün yararsız və son dərəcə təhlükəli, “bespredelin” hökm sürdüyü bir məkana, KABUSA çevrilib. Xüsusın də qeyri-ruslar və miqrantlar üçün.../Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki