Səkkiz dovşanla başlamışdı: Fəlakətə çevrildi

Yaponiyanın Okunoşima adasında vəhşi təbiətə buraxılan dovşanların həddindən artıq çoxalması ekoloji problemlərə səbəb olub.

Referans Media xəbər verir ki, Yaponiyada “Dovşan adası” kimi tanınan Okunoşimaya turist axınının artması və ziyarətçilərin heyvanları intensiv şəkildə yemləməsi dovşan populyasiyasının nəzarətdən çıxmasına gətirib.

Bu vəziyyət adanın təbii ekosisteminə mənfi təsir göstərərək bitki örtüyünün tükənməsinə və vəhşi təbiətdə tarazlığın pozulmasına səbəb olub.

Zielona qəzetinin məlumatına görə, adadakı dovşanlar yerli növ deyil. Onlar 1972-ci ildə adaya buraxılan səkkiz cüt ev dovşanından törəyən vəhşi Avropa dovşanlarıdır.

Turizmin inkişafı ilə birlikdə dovşanların sayında ciddi artım qeydə alınıb. 2008–2015-ci illər arasında onların sayı 1000-i keçib. Tədqiqatçıların hesablamalarına görə, adanın təbii bitki örtüyü yalnız 175–287 dovşanın qidalanması üçün kifayət edir. Buna baxmayaraq, təkcə 2017-ci ildə adaya kənardan təxminən 27 ton qida gətirilib.

Mütəxəssislər bildirirlər ki, turistlərin heyvanları mütəmadi olaraq yemləməsi dovşanların təbii qida mənbələrindən asılılığını azaldıb və populyasiyanın sürətlə artmasına şərait yaradıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki