Benyamin Netanyahu İranla davam edən müharibə ilə bağlı diqqət çəkən açıqlamalar verib. O bildirib ki, İran rejiminin gələcəkdə daxildən çökə biləcəyini düşünür və hazırda aparılan hərbi əməliyyatların əsas məqsədi Tehranın hərbi və nüvə potensialını zəiflətməkdir.
Referans Media xəbər verir ki, İsrail baş naziri ABŞ-da yayımlanan “Newsmax” kanalına müsahibəsində müharibənin gedişi ilə bağlı danışıb. Netanyahu bildirib ki, əməliyyatların hədəflərinin artıq yarıdan çoxu həyata keçirilib, lakin müharibənin nə vaxt başa çatacağı ilə bağlı konkret tarix vermək istəmir.
“Müharibə hədəflər baxımından yarıdan çox keçib”
Netanyahu qeyd edib ki, müharibənin gedişini zamanla deyil, həyata keçirilən hədəflərlə ölçmək lazımdır.
Onun sözlərinə görə, İsrail qüvvələri artıq İranın hərbi strukturlarına ciddi zərbə vurub və xüsusilə İran İnqilab Keşikçiləri Korpusu üzvlərinə qarşı əməliyyatlar aparılıb.
“İranın hərbi və nüvə potensialını zəiflədirik”
Netanyahu bildirib ki, əsas məqsəd İranın silah sənayesini, raket imkanlarını və nüvə proqramını zərərsizləşdirməkdir.
Onun sözlərinə görə: “Biz İranın hərbi imkanlarını, raket gücünü və nüvə potensialını azaldırıq. Bu rejimin içəridən zəifləməsinə səbəb olacaq.”
Müharibə 28 fevralda başladı
Xatırladaq ki, İsrail və Amerika Birləşmiş Ştatları 28 fevral tarixində İran ərazisinə qarşı hərbi əməliyyatlara başlayıb. İran isə cavab olaraq ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ərazilərində müəyyən hədəflərə zərbələr endirib.























