İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, əgər Livan hakimiyyəti Hizbullahın silahsızlaşdırılması ilə bağlı öhdəliklərini yerinə yetirməsə, İsrail Müdafiə Qüvvələri ölkənin şimal sərhədindəki təhlükə tam aradan qaldırılanadək hərbi əməliyyatları davam etdirəcək.
Referans Media xəbər verir ki, həlak olan israilli əsgərlərin adlarının oxunduğu mərasimdə çıxış edən nazir vurğulayıb ki, Livandakı kampaniyanın əsas məqsədi Hizbullahın silahsızlaşdırılması və İsrailin şimal yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsidir.
Onun sözlərinə görə, bu məqsədə həm siyasi, həm də hərbi vasitələrin kombinasiyası ilə nail olunmalıdır. Lakin Livan hökuməti öhdəliklərini yerinə yetirməzsə və Hizbullahı tərksilah edə bilməzsə, bu vəzifəni İsrail Müdafiə Qüvvələri öz üzərinə götürəcək.
Nazir əlavə edib ki, İsrail şimal bölgələrinin təhlükəsizliyini təmin etmək üçün zərurət yaranarsa, Litani çayının şimalı da daxil olmaqla, Livanın istənilən ərazisində Hizbullah mövqelərinə zərbələr endirməyə davam edəcək.
Katz həmçinin Hizbullah lideri Naim Qassemin ünvanına sərt xəbərdarlıq edib.
Onun sözlərinə görə, İsrail qruplaşmanın strukturunu tamamilə məhv edənə qədər dayanmayacaq və Qassem bunun bədəlini şəxsi həyatı ilə ödəyəcək.konkret.az























