Son günlər sosial şəbəkələrdə İstanbul boğazında NATO bazasının yaradılacağı ilə bağlı iddialar geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı təhlükəsizlik mənbələri açıqlama verərək bu məlumatların dezinformasiya olduğunu bildirib.
Referans Media xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi 2023-cü ildə “NATO Cənub-Şərq Regional Planı” çərçivəsində “Çoxmillətli Korpus Qərargahı”nın yaradılması istiqamətində hazırlıq işlərinə başlayıb. Nazirlik qeyd edib ki, bu niyyət 2024-cü ildə rəsmi şəkildə NATO-ya bildirilib.
Bununla belə, təhlükəsizlik mənbələri bəzi anlayışların qarışdırıldığını və sosial mediada yayılan “İstanbul boğazında NATO hərbi bazası qurulur” iddialarının reallığı əks etdirmədiyini vurğulayıb. Onların sözlərinə görə, Türkiyə ərazisində xarici komandanlıq altında NATO hərbi bölməsinin yerləşdirilməsi planlaşdırılmır.
Açıqlamada həmçinin qeyd olunub ki, Türkiyə Qara dənizdəki hərbi fəaliyyətlərini daim regional sahiblik prinsipi və Montrö Konvensiyası çərçivəsində həyata keçirir və bu siyasətdən geri çəkilmək niyyətində deyil.
Rəsmilər bildiriblər ki, Qara dənizdə hərbi fəaliyyətlər yalnız sahilyanı ölkələrin iştirakı ilə həyata keçiriləcək. Digər ölkələr isə yalnız təlim, texnika və personal dəstəyi kimi məhdud sahələrdə iştirak edə bilərlər.
