İsveçrə parlamentinin aşağı palatası bu ticarət sazişini rədd etdi

İsveçrə parlamentinin aşağı palatası Cənubi Amerikanın Merkosur ticarət bloku ilə ötən il əldə edilmiş azad ticarət sazişini səsvermə nəticəsində qəbul etməyib. Saziş həm sağ, həm də sol siyasi düşərgənin etirazı ilə qarşılaşıb.

Referans MEDİA xəbər verir ki, Parlamentdə keçirilən səsvermədə sənəd 96 deputatın əleyhinə, 86 deputatın lehinə səsi ilə, 9 nəfərin bitərəf qalması fonunda rədd edilib.

Bununla belə, sazişin taleyi hələ tam həll olunmayıb. Sənəd növbəti mərhələdə parlamentin yuxarı palatasının müzakirəsinə çıxarılacaq. Əgər yuxarı palata sazişi təsdiqləsə, o zaman sənəd yenidən aşağı palataya qaytarıla bilər.

Sazişə qarşı çıxanlar arasında fermerlərin maraqlarını müdafiə edən mühafizəkar deputatlar, eləcə də əmək hüquqları, ekoloji problemlər və Amazon tropik meşələrinin məhv edilməsi ilə bağlı narahatlıqlarını ifadə edən sol yönümlü siyasi qüvvələr yer alıb.

Qeyd edək ki, Merkosur Cənubi Amerikanın regional iqtisadi birliyidir və onun tərkibinə Argentina, Braziliya, Paraqvay və Uruqvay daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki