Karyera seçimində yaş önəmli rol oynayırmı?

Karyera seçimi çoxları üçün həyatda ən çətin qərarlardan biridir. Çünki çox vaxt bu addım “bir dəfə verilən və dəyişməz qərar” kimi qəbul edilir. Lakin müasir dövrdə iş dünyası artıq fərqli qaydalarla işləyir. İnsanlar iş həyatları boyunca bir neçə dəfə peşə dəyişir və bunda yaş heç bir maneə sayılmır.

Referans xəbər verir ki, ABŞ-də aparılan araşdırmalara görə, respondentlərin 49 faizi karyera dəyişikliyi edib və bunun orta yaşı 39-dur. Bu fakt göstərir ki, yeni karyeraya başlamaq üçün nə gənc olmaq üstünlükdür, nə də yaşlı olmaq məhdudiyyət.

Doğru karyera seçimi insana yalnız iş yeri qazandırmır. Bu, şəxsi məmnuniyyət, peşəkar bacarıqların inkişafı, yeni əlaqələr, maliyyə sabitliyi və uzunmüddətli istiqamət deməkdir. Ona görə də seçim edərkən ilk növbədə insan özünü tanımalı, maraqlarını və güclü tərəflərini müəyyən etməlidir. Daha sonra uyğun sahələri araşdırmaq, maaş və iş şəraitini öyrənmək, perspektiv imkanları nəzərə almaq vacibdir.

Karyera dəyişikliyi üçün əsas addımlar

Karyera dəyişikliyi üçün əsas addımlar bacarıqların artırılması, yeni biliklərin öyrənilməsi və təcrübəli insanlardan məsləhət almaqdır. Mentor dəstəyi bu yolda xüsusi rol oynayır. Onların təcrübəsi və məsləhətləri doğru qərar verməyə kömək edə bilər. Bundan başqa, düzgün hazırlanmış CV və güclü onlayn profil iş axtarışında üstünlük qazandırır. Müsahibələrə hazırlıq isə seçimin uğurla nəticələnməsi üçün vacibdir.

Nəticə etibarilə, karyera inkişafı pilləkən deyil, davamlı prosesdir. İnsan həyatının istənilən mərhələsində dəyişmək, öyrənmək və yeni başlanğıc etmək şansı əldə edə bilər. İstər 20, istər 40, istərsə də 50 yaşınız olsun. Əsas odur ki, nə istədiyinizi bilin və addım atmaqdan çəkinməyin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki