Son günlər bəzi media resurslarında “Kristal”ın guya külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yenidən yayımlanıb.
Referans Media xəbər verir ki, şirkət bununla bağlı açıqlama yayıb.
“Bir daha qəti şəkildə bəyan edirik ki, “Kristal Bakı” ASC-nin dövlət büdcəsi qarşısında hər hansı vergi borcu mövcud deyil. Şirkətimiz vergi öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında və tam şəkildə yerinə yetirir.
Təəssüf ki, bəzi media nümayəndələri müxtəlif hüquqi şəxsləri “Kristal”la eyniləşdirərək, həmin şirkətlərə aid olduğu iddia edilən vergi borclarını əsassız şəkildə şirkətimizin adına çıxarırlar. Xüsusi olaraq vurğulayırıq ki, şirkətimizə aid olmayan hüquqi şəxslərin vergi borclarının “Kristal Bakı” ASC-yə aid edilməsi yolverilməzdir.
Şirkətimizə bununla bağlı daha əvvəl də media sorğusu ünvanlanmış və həmin sorğuya rəsmi qaydada ətraflı cavab verilmişdir. Buna baxmayaraq, eyni məzmunlu əsassız məlumatların təkrar yayımlanması ciddi narahatlıq doğurur.
Bildiririk ki, “Kristal Bakı” ASC-nin vergi borcunun olub-olmaması barədə məlumatları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq açıq informasiya resursları vasitəsilə yoxlamaq mümkündür. Media nümayəndələrini məlumatları dərc etməzdən əvvəl onların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa çağırırıq.
Şirkətimizin işgüzar nüfuzuna xələl gətirən, ictimaiyyətdə yanlış təsəvvür formalaşdıran və həqiqətə uyğun olmayan məlumatların yayılmasını qəbuledilməz hesab edirik.
Bu cür məlumatların yayılmasına görə məsuliyyət daşıyan şəxslərə və media qurumlarına münasibətdə şirkətimiz qanunvericiliklə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edəcək, məhkəmə qaydasında müvafiq tələblər irəli sürəcəkdir.
Kristal öz fəaliyyətində şəffaflıq, qanunvericiliyə riayət olunması və ictimaiyyətin düzgün məlumatlandırılması prinsiplərini rəhbər tutur. Şirkətimizin işgüzar nüfuzunun qorunması istiqamətində bütün qanuni hüquqlarımızdan istifadə etməkdə qətiyyətliyik”, - məlumatda bildirilib.
