Türkiyənin Hatay vilayətində yaşayan Lütfiye Sönmez həyat yoldaşının tərəddüdlərinə baxmayaraq, yeddi il əvvəl başladığı bərbər biznesini uğurla inkişaf etdirib.
Referans Media xəbər verir ki, Antakya rayonunun Açıkdere kəndində yaşayan qadın ilk iki il evinin bir otağında müştərilərə xidmət göstərib. Həyat yoldaşı kənd yerində bu işin tutmayacağını düşünsə də, Sönmez fəaliyyətini dayandırmayıb. Müştərilərin sayının artması ilə evinin ikinci mərtəbəsini gözəllik salonuna çevirib.
Salonun asanlıqla tanınması üçün üçmərtəbəli evinin fasadını sevdiyi bənövşəyi rəngə boyadıb. Fərqli görünüşü ilə seçilən bina ətraf kəndlərdən də diqqət çəkir.
Sönmez bildirib ki, qazandığı gəliri mərhələli şəkildə işinə yatırıb: “Çalışdıqca qazandım, qazandıqca iş yerimi inkişaf etdirdim. Hər şeyi birdən edə bilmədim. İndi evimizin üst mərtəbəsində öz kuaför salonum var”.
Qadının sözlərinə görə, salon şəhər mərkəzindən təxminən 20 dəqiqəlik məsafədə yerləşdiyindən müştərilərin ünvanı asan tapması üçün bənövşəyi rəngi seçib. O, bölgədə bu rəngdə başqa salon olmadığını və binanın qarşı kəndlərdən belə göründüyünü vurğulayıb.
Kənddə biznesini qoruyub inkişaf etdirən Sönmez indi ikinci filialını açmağı planlaşdırır.
