İsraildə parlament seçkilərindən sonra siyasi gərginlik artıb. “Yaşar” Partiyasının lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu seçkinin nəticələrini etibarsız göstərməyə və xalqın iradəsinə hörmətsizlik etməyə çalışmaqda ittiham edib.
Referans Media xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissiyasının sədri Noam Solberqin seçkilərin qaydalara uyğun keçirildiyini bildirməsindən sonra Eisenkot nəticələrə xarici müdaxilə edildiyi barədə iddiaları rədd edib. O, Netanyahu və müttəfiqlərinin seçkinin nəticələrini şübhə altına almaq cəhdlərinin uğursuz olduğunu bildirib: “Seçkinin nəticələrini rədd etmək, xalqın iradəsini sarsıtmaq, bütöv bir icmanı qaralamaq və İsraili yenidən seçkiyə sürükləmək cəhdi uğursuzluğa düçar olub”.
Qadi Ayzenkot hesab edir ki, Netanyahunun açıqlamaları dövlət qurumlarına ictimai etimadı zəiflədir. O, seçki nəticələrinin aydın olduğunu vurğulayaraq İsrail vətəndaşlarını bu mübahisələrə əhəmiyyət verməməyə çağırıb.
Seçkilərin nəticələrinə əsasən, 120 yerlik Knessetdə Netanyahuya yaxın siyasi blok 53 mandat qazanıb. Qadi Ayzenkotun təmsil olunduğu siyasi düşərgənin partiyaları isə ümumilikdə 48 yer əldə edib. Hökumət qurmaq üçün 61 mandat tələb olunduğundan, tərəflərin heç biri təkbaşına parlament çoxluğunu təmin edə bilməyib.
Seçkilərin diqqətçəkən nəticələrindən biri ərəb partiyalarının mandat sayını təxminən iki dəfə artıraraq 19-a çatdırması olub. Bu nəticə həmin partiyaları hökumətin formalaşdırılması prosesində mühüm mövqeyə gətirib. Bununla belə, həm Netanyahu, həm də Ayzenkot seçkidən əvvəl ərəb partiyaları ilə əməkdaşlıq etməyəcəklərini açıqlamışdılar.
İsrail Prezidenti İsxak Hersoqun noyabrın 4-də siyasi partiyalarla hökumətin formalaşdırılması məsələsinə dair məsləhətləşmələrə başlaması gözlənilir. Görüşlərdən sonra hökuməti qurmaq vəzifəsinin hansı siyasi liderə həvalə ediləcəyi müəyyənləşə bilər.
