Göbək rəqsi ilə dünya şöhrəti qazanan və milyonlarla dollar qazandığı iddia edilən sosial media fenomeni Yasin Cengizin son görüntüləri gündəm olub. Bir vaxtlar bahalı tədbirlərə dəvət aldığı və bir çıxış üçün 100 min dollar qazandığı deyilən fenomenin xəstəxanada əlil arabasında görüntülənməsi diqqət çəkib.
Referans Media xəbər verir ki, Yasin Cengizin xəstəxanaya əlil arabasında aparıldığı anları əks etdirən görüntülər yayılıb. Onun artıq çəkisi səbəbindən hərəkət etməkdə çətinlik çəkdiyi və hərəkət qabiliyyətinin məhdudlaşdığı iddia olunur.
Sözügedən görüntülərin təxminən üç həftə əvvəl çəkildiyi bildirilir. Lakin fenomenin səhhətinin hazırkı vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.
Yasin Cengiz Biser Kingin “Dom Dom Yes Yes” mahnısının sədaları altında etdiyi göbək rəqsi ilə qısa müddətdə dünya miqyasında tanınıb. “Skibidi Dop Dop” rəqsi ilə milyonlarla insanın diqqətini çəkən fenomen yemək və rəqsi birləşdirdiyi videolarla geniş auditoriya qazanıb.
2023-cü ilin sonlarında onun gəlirinin 400 min dollar, ümumi sərvətinin isə yüz minlərlə dollar olduğu iddia edilirdi. Həmçinin Cengizin qatıldığı tədbirlərdə bir çıxış üçün təxminən 100 min dollar aldığı barədə məlumatlar yayılmışdı.
