Türkiyənin İstanbul şəhərində azyaşlı qızını pul qarşılığında müxtəlif şəxslərin evlərinə apararaq cinsi istismara məruz qalmasına şərait yaratmaqda ittiham olunan 44 yaşlı qadına 30 il həbs cəzası verilib.
Referans Media xəbər verir ki, Sancaktepe rayonunda baş verdiyi bildirilən hadisələrlə bağlı məhkəmə qərarı açıqlanıb. İş materiallarına görə, ana qızını 6 yaşından etibarən müxtəlif kişilərin evlərinə aparıb və bunun müqabilində maddi gəlir əldə edib. İstismarın 15 yaşınadək davam etdiyi iddia olunur.
İş üzrə ana barəsində “uşağın cinsi istismarı” və “uşaqları fahişəliyə təşviq etmək, buna şərait yaratmaq və ya vasitəçilik etmək” ittihamları irəli sürülüb. Prokurorluq onun 25 ilədək azadlıqdan məhrum edilməsini tələb edib.
İstanbul Anadolu Ağır Cinayətlər Məhkəməsi əvvəlcə təqsirləndirilən şəxsə 12 il həbs cəzası təyin edib. Cinayətin öz övladına qarşı törədilməsi və əməllərin müxtəlif vaxtlarda təkrarlanması nəzərə alınaraq cəza 30 ilə çatdırılıb.
Məhkəmə qadına heç bir güzəşt tətbiq etməyib və onun həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verib.
