Qaz, elektrik enerjisi və sudan istifadə qaydalarını pozan şəxsləri cərimələr gözləyir. Kommunal şəbəkələrə qanunsuz qoşulma, enerji resurslarının talanması, sudan israfçılıqla istifadə və digər qayda pozuntularına görə fiziki və hüquqi şəxslər müxtəlif məbləğlərdə cərimələnə bilərlər. Bəzi hallarda cərimənin məbləği 5 min manatadək çatır.
Maraqlıdır, qaz, işıq və sudan istifadə qaydalarının pozulmasını aşkar etmək üçün evlərdə yoxlamalar aparıla bilərmi? Vətəndaşlar hansı hallarda kommunal xidmətlərə görə cərimələnə bilərlər?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, kommunal xidmətlərə qanunsuz qoşulma halları ilə bağlı araşdırmalar aparılır:
“Belə hal müəyyən edildikdə, prokurorluq tərəfindən müvafiq araşdırma həyata keçirilir. Zərərin həcmi böyük olduqda, hətta cinayət işinin başlanması da nəzərdə tutula bilər. Ümumiyyətlə, kommunal xidmət müəssisələrinin, yəni “Azərişıq”, “Azəriqaz” və su təchizatı idarələrinin əməkdaşlarına qanunsuz qoşulma barədə məlumat daxil olarsa, onlar vətəndaşa bildiriş göndərməklə mənzildə müvafiq yoxlamanın aparılmasını tələb edə bilərlər. Vətəndaş bundan imtina edərsə, məsələ ilə bağlı məhkəmə qərarı çıxarıla bilər”.
Ramil Süleymanovun sözlərinə görə, mənzildə yoxlamanın aparılması barədə məhkəmə qərarı olarsa, icra məmuru bunu təmin etməli və müvafiq yoxlamanın aparılması üçün şərait yaradılmalıdır.
“Yoxlama zamanı qanunsuz qoşulma faktı müəyyən olunarsa, bu, cərimə tətbiq edilməsi üçün əsas yaradır. Belə hal aşkar edilmədikdə isə aparılan araşdırmaya xitam verilir”, – deyə vəkil əlavə edib.
