Ərdoğanın Əliyevə zəngi: Ankara təxribatçıları neytrallaşdırmalıdır

Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında baş tutan telefon danışığı Bakı-Ankara xəttində qardaşlığa əsaslanan srateji münasibətlərin qaldığı yerdən davam etdiyini təsdiqlədi. Liderlər telefon söhbətində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişaf edəcəyini vurğulayıb.

Azərbaycan və Türkiyə liderləri arasında yüksək səviyyəli dostluq münasibətləri hər zaman mövcud olub və liderlər arasındakı təmaslar mütəmadi olaraq davam edir. Lakin Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası fonunda Ərdoğanın Əliyevə zəngi bu dəfə fərqli məna kəsb edirdi.

Birincisi, bu zəng Azərbaycana qarşı aparılan çirkin kampaniyanın Türkiyə lideri tərəfindən qəbul edilməməsi deməkdir.
İkincisi, Əliyevlə Ərdoğan arasındakı münasibətlər iki ölkə arasındakı dostluğu müəyyən edən əsas amildir.


Bakı Ankarada belə bir zəngi gözləyirdi, çünki Azərbaycana qarşı informasiya hücumlarının kütləvi formada davam etməsi ikitərəfli münasibətləri ciddi risk altına atırdı. Azərbaycana qarşı kampaniyanın artan xətlə davam etməsinə və yaratdığı risklərə baxdıqda Ankaradan Bakıya gələn zəngin gecikdiyini deməyə əsas verir. Çünki zəngin gecikməsi həm Azərbaycan cəmiyyətində Türkiyə rəhbərliyinin informasiya hücumları ilə bağlı mövqeyinə dair şübhələrə yol açır, həm də təxribat xarakterli hücumların genişlənməsinə səbəb olurdu. Bu baxımdan, prosesə vaxtında müdaxilə edilməməsinin ikitərəfli münasibətlərə ciddi təhlükə yaratdığını deyə bilərik.

Türkiyədən Azərbaycana qarşı qarayaxma kampaniyası sentyabr ayının sonlarından başlandı. İlk olaraq, BMT Baş Assambleyasında İsrail baş nazirinin çıxış etdiyi iclasdan motiv kimi istifadə etdilər. Nə reallığa, ikitərəfli münasibətlərə, nə də diplomatik etiketlərə sığmayan iddialar irəli sürüldü. Aydın görünürdü ki, Türkiyədə hakim AKP daxilindəki müəyyən qruplar da daxil olmaqla bəzi qüvvələr məsələni xüsusilə şişirdir, Azərbaycana qarşı çirkin kampaniyanın arealını genişləndirirdilər.

Bu məsələ gündəmdən düşməmiş Azərbaycanda vahid məktəbli formasını “hicab qadağası” kimi təqdim edərək, genişmiqyaslı qarayaxma dalğasına start verildi. Bu kampaniyada AKP daxilindəki müəyyən qruplar və onların dəstəklədiyi şəbəkə Azərbaycana qarşı son dərəcə çirkin formada hücuma keçdi. Sanki illərlə ürəklərində Azərbaycana qarşı nifrət yığmış və fürsətdən istifadə edərək, “qusurdular”. Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı ləyaqətsiz şəkildə hücumlar təşkil edildi, hətta təhqirlərlə “qırmızı xətti” keçməyə çəkinmədilər.

Türkiyə prezidentinin baş müşaviri Oktay Saralın Azərbaycanda vahid məktəbli formasının tətbiqi haqda həddini aşan açıqlaması Bakıda çirkin kampaniyanın arxasında Ankaranın dayandığına dair düşüncələr yaratdı. Kampaniyaya AKP-dən olan millət vəkillərinin, eləcə də hakimiyyətə yaxın informasiya resurslarının və ekspertlərin də qoşulması belə düşüncələri daha da gücləndirdi. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, ardınca Ankaradakı səfirliyi önündə aksiyalar təşkil edirdi. Aksiyanı təşkil edən ÖZGÜR-DER təşkilatı və “Hizbüt-Təhrir”ə bağlı “Köklü Dəyişim” platformasının AKP ilə yaxınlığı da kampaniyada diqqətdən yayınmayan məqamlardan idi. Ümumilikdə Azərbaycanın diplomatik nümayəndəliklərinin önündə 6 aksiya keçirildi ki, təşkilatçıların hamısının hakimiyyət dairələri ilə yaxın əlaqələri var.

Azərbaycana qarşı kampaniyanın təşkilatçılarını “hicab” maraqlandırmadığı, bundan yalnız motiv kimi istifadə etdikləri aydın görünür. Çünki Türkiyə istisna olmaqla Türkiyə Dövləti Təşkilatına üzv ölkələrin hər birində vahid məktəbli geyimi tətbiq edilir. Bu qərar hətta Şimali Kipr Türk Cümhuriyyətində də var. Azərbaycana hücum edənlərin indiyə qədər bu ölkələrlə bağlı səsini belə çıxarmaması məqsədin Bakı-Ankara xəttində çatların yaradılması olduğunu deməyə əsas verir. Nail oldular da, çünki AKP daxilindəki şəbəkə yüksək səviyyədə olan ikitərəfli münasibətləri böhran vəziyyətinə gətirdi. Və ən önəmlisi Azərbaycanda Türkiyə ilə qardaşlıq və strateji münasibətlərə şübhələr yaratdı.

Ərdoğanın Əliyevə zəngi bir çox məsələlərə aydınlır gətirir. Bəlli olur ki, baş verənlər AKP daxilindəki şəbəkənin Azərbaycan-Türkiyə münasibətlərində böhranın yaradılması əməliyyatını həyata keçirib. Buna zəmin yaradan səbəb isə Türkiyə rəhbərliyinin prosesə vaxtında müdaxilə etməməsi idi. Türkiyə şəbəkəni müəyyən etməli və neytrallaşdırmalıdır, əks təqdirdə, bu qüvvələrin Bakı-Ankara münasibətlərini sabotaj cəhdləri davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki