Fransada dünyada ilk dəfə olaraq insanda Şamonda virusu aşkar edilib.
Referans Media xəbər verir ki, Lion şəhərində xəstəxanada müalicə alan və bu virusa yoluxduğu müəyyənləşdirilən pasiyent oktyabrın əvvəlində həyatını itirib.
İndiyədək əsasən kənd təsərrüfatı heyvanlarına yoluxan bu virusun insanlara keçmədiyi hesab olunurdu.
Məlumata görə, ölən kişi ağır immun çatışmazlığından əziyyət çəkib və başqa ciddi xəstəliklə əlaqədar müalicə alırmış.
İlkin ehtimallara əsasən, o, Fransanın şərqində qansoran xırda milçəyin dişləməsi nəticəsində virusa yoluxmuş ola bilər.
Fransa rəsmiləri pasiyentdə müşahidə edilən baş beyin fəsadlarının böyük ehtimalla virus infeksiyası ilə əlaqəli olduğunu bildirirlər.
Bununla belə, mütəxəssislər hazırda virusun ümumi əhali üçün təhlükə yaratdığına dair sübut aşkar edilmədiyini vurğulayırlar.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi artıq məlumatlandırılıb./Musavat.com
