2027-ci ildən startap və innovasiya sahəsinə yönələn vergi güzəştlərinin genişləndirilməsi Azərbaycanda sahibkarlıq mühitinin inkişafına, investisiya fəallığının artmasına və yeni iş yerlərinin açılmasına töhfə verə bilər. Vergi azadolmalarının müddətinin uzadılması, elmi-tədqiqat xərclərinə 2,5 əmsalın tətbiqi və investorlar üçün yaradılan yeni imkanların yerli startapların inkişafına təsiri gözlənilir.
Referans Media-ya açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, Azərbaycanda innovasiya və sahibkarlığa daha geniş dəstək mərhələsinə keçilir. Son vergi dəyişiklikləri çərçivəsində ixracın və məşğulluğun artırılması, sahibkarlar üçün yeni güzəştlərin tətbiqi, eləcə də startap və innovasiya sahəsində çalışanların dəstəklənməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, məqsəd innovativ ekosistemi gücləndirmək, iqtisadiyyatda rəqəmsal həllərə əsaslanan məhsul və xidmətlərin payını artırmaqdır.
Deputat qeyd edib ki, elmi-tədqiqat xərclərinə 2,5 əmsalın tətbiqi də yeni güzəştlərdən yararlanmaq imkanı yaradacaq.
Vüqar Bayramov vurğulayıb ki, startapların inkişafı hazırda innovasiya sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, Cənubi Koreya kimi ölkələrin təcrübəsi göstərir ki, startaplar vasitəsilə həm iqtisadiyyatda yeni dəyər yaratmaq, həm də iqtisadi inkişafa daha güclü dəstək vermək mümkündür. Buna görə də bu istiqamətdə güzəştlərin əhatə dairəsi genişləndirilir.
Deputatın sözlərinə görə, güzəştlərin əhatə dairəsinin genişləndirilməsi qeyri-neft ixracatının artmasına və ölkəyə daha çox valyutanın daxil olmasına şərait yarada bilər. O bildirib ki, son dəyişikliklərdə əsas məqsədlərdən biri məhz ixracın artırılmasıdır. Daha çox ixrac edən şirkətlər güzəştlərdən daha geniş faydalana və bununla da ölkəyə valyuta daxilolmalarının artmasına töhfə verə bilərlər.
