Son dövrlər elektrik enerjisi və təbii qaz sərfiyyatına görə hesablanan ödənişlərin artması abonentlərin narazılığına səbəb olur.
Bir sıra vətəndaşlar gündəlik istehlakda dəyişiklik olmadığı halda kommunal xərclərinin əvvəlki aylarla müqayisədə dəfələrlə artdığını bildirirlər. Belə hallarda sayğac göstəricilərinin düzgünlüyünün yoxlanılması məsələsi gündəmə gəlir. Lakin sayğacın işləməsində problem olduğunu düşünən abonentlər yoxlama prosesi ilə bağlı əlavə xərclərlə də üzləşə bilərlər.
Sayğacın sökülərək yoxlanılması və bununla bağlı xərclərin vətəndaş tərəfindən qarşılanması, eləcə də yoxlama müddətində işıq və qaz təminatında yarana biləcək fasilələr istehlakçılar üçün əlavə çətinliklər yaradır. Bu isə kommunal ödənişlərin hesablanması və abonentlərin şikayətlərinin araşdırılması mexanizmləri ilə bağlı suallar doğurur.
Abonentə hesablanmış borcun düzgünlüyünü yoxlatmaq üçün əlavə xərc çəkmək və kommunal xidmətlərdən məhrum qalmaq riski yaradan sistem istehlakçının hüquqlarını nə dərəcədə qoruyur?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, elektrik enerjisi və təbii qaz sərfiyyatına görə hesablanan ödənişlərdə kəskin artım müşahidə olunursa, ilk növbədə bunun səbəbi araşdırılmalıdır:

“Çünki vətəndaşın istehlak həcmində ciddi dəyişiklik olmadığı halda kommunal xərclərin dəfələrlə artması əsaslı suallar yaradır. Belə hallarda səbəb tarif dəyişikliyi, əvvəlki dövrlər üzrə yenidən hesablanma, sayğac göstəricilərinin səhv qeydə alınması və ya cihazın texniki nasazlığı ola bilər. Buna görə də hər bir artımı avtomatik olaraq sayğacın nasazlığı ilə əlaqələndirmək düzgün deyil.
Mən hesab edirəm ki, istehlakçı sayğacın düzgün işləmədiyindən əsaslı şəkildə şübhələnirsə, problemin araşdırılması üçün onun üzərinə əlavə maliyyə yükü qoyulmamalıdır. Sayğacın quraşdırılması, istismarı və göstəricilər əsasında hesablamaların aparılması xidmət göstərən qurumun məsuliyyət dairəsinə daxildir. Vətəndaşın hesablamanın düzgünlüyünü yoxlatmaq hüququ əlavə xərc və kommunal xidmətlərin dayandırılması təhlükəsi ilə məhdudlaşmamalıdır. Əgər yoxlama nəticəsində sayğacın nasaz olduğu müəyyən edilərsə, yoxlama xərclərinin abonentdən tələb olunması xüsusilə ədalətsiz yanaşma olar”.
Digər tərəfdən, sayğacın abonentin müdaxiləsi nəticəsində zədələnməsi kimi hallar ayrıca qiymətləndirilməlidir:
“Burada əsas prinsip ondan ibarət olmalıdır ki, xərcin kim tərəfindən ödənilməsi nasazlığın səbəbi və tərəflərin məsuliyyəti əsasında müəyyənləşdirilsin”.
Onun sözlərinə görə, bir problem də ondan ibarətdir ki, ölkədə qaz və elektrik xidməti göstərən şirkətlər həm də sayğacların nasazlığın yoxlayır:
“Halbuki yoxlama şirkətləri müstəqil olmalıdır. Digər mühüm məsələ yoxlama müddətində elektrik enerjisi və qaz təminatının dayandırılması riskidir. Bu proses abonent üçün əlavə çətinliklər yaratmamalı, texniki baxımdan mümkün olduğu hallarda xidmətin fasiləsizliyi təmin edilməlidir.
Ən azı, yoxlama müddəti, prosedur və mümkün fasilələr barədə istehlakçıya əvvəlcədən aydın məlumat verilməlidir”. Ekspert qeyd edib ki, istehlakçı hüquqlarının daha etibarlı qorunması üçün sayğac göstəricilərinə və hesablamalara dair şikayətlər operativ araşdırılmalı, yoxlamaların şəffaflığı təmin edilməli və abonentə hesablanmış məbləğin necə formalaşdığı ətraflı izah olunmalıdır:
“Vətəndaşın öz hüququnu müdafiə etmək üçün əlavə xərc çəkməyə məcbur qalması yolverilməz yanaşmadır. Kommunal xidmət göstərən qurumlar istehlakçı qarşısında məsuliyyət daşımalı, hesablamaların düzgünlüyünə dair şübhələr isə abonentin deyil, ilk növbədə xidmət təminatçısının effektiv araşdırma mexanizmi vasitəsilə aradan qaldırılmalıdır”.
