backend

Kremlin “İrəvan qapısı” bağlanmaq ərəfəsində

Overçukun qəfil səfəri Ermənistanın Avropa İttifaqı ilə imzaladığı strateji sənəddən dərhal sonraya təsadüf edir – Paşinyan üçün seçim anı…
Rusiya baş nazirinin müavini Aleksey Overçukun qəfil Ermənistana getməsi xəbəri diqqət çəkir. Təsadüfi deyil ki, son iki həftədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə ardıcıl səfərlər edib.

Dekabrın 2-də Brüsseldə “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd imzalanıb. Növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəd Rusiyanın bu ölkədə təsirlərin azaldılması üçün maddi yardımları da nəzərdə tutur. Xüsusilə gələn il keçiriləcək kritik parlament seçkilərinə Rusiyanın müdaxilə edəcəyi bəyan edilib və Moskvaya qarşı planlar müəyyən edilib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib ki, Ermənistana sülh və möhkəmliyin yaradılması üçün 15 milyon avro ayrılacaq. “Rusiya və onun müvəkkilləri Ermənistanda seçkilər ərəfəsində informasiya kampaniyaları aparır. Xarici müdaxiləyə müqavimət göstərmək bütün cəmiyyətin iştirakını tələb edir.  Fəal vətəndaş cəmiyyəti və müstəqil media çox vacibdir. Siz bu çətinliklərlə üzləşməkdə tək deyilsiniz; biz sizə fəal dəstək verməyə hazırıq”, – Kallas əlavə edib.

Daha mühümü – Kaya Kallas Ermənistanı Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına qoşulmağa çağırıb. “Dünya nizamı dəyişir və strateji mövqelərin AB-nin ortaq xarici siyasəti ilə uyğunlaşdırılması tərəfdaşlarımız, o cümlədən Ermənistan üçün çox vacibdir. Ermənistanın xarici siyasətinin AB qərarları ilə uyğunlaşma səviyyəsi hazırda 37%-dir. Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar AB üçün sərtdir, lakin buna baxmayaraq, tərəfdaşlarımızdan da bunu istəyirik”, – deyə o bildirib.

Bu həftə isə yenidən Aİ-nin tədbirə dəvət olunan Mirzoyan Avropa Birliyi və quruma üzv dövlətlərin Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib. Mirzoyan Ermənistan-AB münasibətlərində son inkişaflara toxunaraq bildirib ki, təxminən 10 gün əvvəl Brüsseldə Ermənistan-AB tərəfdaşlığının yeni strateji gündəliyi qəbul olunub. Onun sözlərinə görə, bu sənəd ikitərəfli münasibətlərdə əldə edilmiş nailiyyətləri təsbit etməklə yanaşı, gələcəkdə əməkdaşlığın daha da dərinləşdiriləcəyi əsas istiqamətləri müəyyənləşdirir.

Aleksey Overçuk Ermənistanla iqtisadi əlaqələri kurasiya edən məmurdur. Məhz “Ermənistan Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməlidir” xəbərdarlığı da Overçuk edib. Onun sözlərinə görə, İrəvanın eyni zamanda hər iki inteqrasiya ittifaqında iştirakı mümkün deyil. “Biz dəfələrlə vurğulamışıq ki, Avropa İttifaqına üzvlük Avrasiya İqtisadi İttifaqı ilə uyğun gəlmir. Müəyyən bir mərhələdə Ermənistan xalqı seçim etməlidir. Amma bu seçim məhz Ermənistan xalqının seçimi olacaq”, – deyə o bildirib.

İrəvanın isə Aİ ilə yaxınlaşmaya dair imzaladığı sənədin ardınca Overçukun Ermənistana getməsi məhz bu dilemmanı yenidən xatırlatmaq məqsədi daşıya bilər. Yəni Ermənistan strateji seçimini etməlidir – ya Avropa İttifaqı, ya da Avrasiya…

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Ermənistandan Aİİ-yə ixrac 1 milyard 788 milyon ABŞ dolları təşkil edib. Bu da 2024-cü ilin müvafiq göstəricisindən 42 milyon ABŞ dolları və ya 2,4% çoxdur. Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi isə 12 milyarddır. Bu baxımdan, həmin dövriyyədən imtina etmək Ermənistan üçün asan deyil. Bu ölkənin hələ də Rusiyadan və Aİİ-dən iqtisadi asılılığı qalmaqdadır.

Bəs Paşinyan Ermənistanı seçim qarşısında hansı manevri edə bilər?

ReAl Partiyasının sədri, iqtisadçı Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, seçim o vaxt olar ki, Ermənistan Avropa Birliyinə üzvlüyün bir addımlığında olsun: “Düşünmürəm ki, Ermənistan bu inteqrasiyanın o dərəcədə yaxınlığındadır. Buna illər lazımdır və çox uzaq görünən prosesdir. Təkcə coğrafi mövqeyinə görə Ermənistanın Avropa Birliyinə üzvlüyü mümkün görünmür, çünki dənizə çıxışı belə yoxdur. Yəni siyasi tərəflərini bir kənara qoyuram”. Onun fikrincə, Ermənistan üçün bunun yolu Türkiyə və Gürcüstandan keçir: “Gərək bu ölkələrdən biri Avropa Birliyinə üzv olsun ki, dənizə çıxışı olan həmin dövlətlərin vasitəsi ilə inteqrasiya etsin. İndiki halda Ermənistanın Avropa Birliyi ilə sıx əlaqələri olacaq, böyük layihələr həyata keçiriləcək, Ermənistan mallarının daha rahat rejimlə Avropa bazarına çıxarılması, vizasız gediş-gəliş kimi üstünlüklər mümkündür. Amma Ermənistan Rusiya və MDB ölkələrindən o dərəcədə asılıdır ki, bunu tezliklə aradan qaldırmaq olmaz. Məsələ budur ki, bu rəqəmləri Avropa Birliyi Ermənistana verə bilməz. Ona görə də Ermənistan Avrasiya İttifaqında işini davam etdirəcək. Çünki kifayət qədər dividentlər var. Məsələn, Rusiyada erməni nömrəsi olan maşınlar çoxalıb. Bunun da səbəbi Avropa maşınlarının Ermənistana girib, sonra erməni nömrəsi ilə Rusiyada rahat gəzməyə imkanı olmasıdır. Həmçinin qızıl-brilyant bazarında ciddi gəlirlər götürülür. O baxımdan Ermənistan Avrasiya İqtisadi Birliyində fəaliyyətinə son qoymayacaq. Ola bilsin ki. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı addım atsın. Ermənistan xeyli zamandır ki, bu təşkilatda işini dayandırıb və narazılıq edir”.

Xatırladaq ki, Avrasiya İqtisadi Birliyi 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Müqavilənin sonuncu – 118-ci maddəsində deyilir ki, ittifaqdan çıxmaq üçün dövlət müraciət edə bilər və onun ittifaqdan çıxması müraciət etdiyi gündən başlayaraq 12 ay ərzində gerçəkləşir. Bu müddətdə həmin dövlət “Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə”dən irəli gələn bütün öhdəliklərini yerinə yetirib qurtarmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki