Türkiyədə kriptovalyuta əməliyyatları ilə bağlı yeni sərt qərarlar qəbul olunub. Mehmet Şimşek ölkədə kripto bankomatların tamamilə qadağan edildiyini açıqlayıb.
Referans Media xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə naziri bildirib ki, kripto aktivlər xüsusilə çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilən gəlirlərin köçürülməsi baxımından ciddi risk yaradır. Onun sözlərinə görə, bu səbəbdən hökumət nəzarət mexanizmlərini daha da sərtləşdirib.
Nazir qeyd edib ki, stabil kriptovalyutalara da yeni limitlər tətbiq olunub. Belə ki, artıq bu tip rəqəmsal aktivlər üzrə gündəlik transfer limiti 3 min dollar, aylıq limit isə 50 min dollar olacaq.
Bundan əlavə, “səyahət qaydası” adlandırılan beynəlxalq təhlükəsizlik qaydalarına uyğun gəlməyən əməliyyatlar üçün məcburi gözləmə müddəti tətbiq edilməyə başlanıb.
Mehmet Şimşek bildirib ki, kripto əməliyyatlarının saniyələr ərzində həyata keçirilməsi və bəzi platformalarda istifadəçi məlumatlarının gizli saxlanılması maliyyə təhlükəsizliyi baxımından riskləri artırır.
O, Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupunun (FATF) hesabatlarına istinad edərək vurğulayıb ki, stabil kriptovalyutalar son dövrlərdə cinayətkar qruplar tərəfindən daha çox istifadə olunur.
Nazirin sözlərinə görə, beynəlxalq standartların bütün ölkələrdə eyni şəkildə tətbiq olunmaması cinayətkar şəbəkələr üçün boşluq yaradır:
“Əks halda cinayətkarlar həmişə ən zəif həlqəni tapacaqlar”, – deyə o bildirib.
Şimşek əlavə edib ki, Türkiyə kriptovalyuta sahəsində risklərin qarşısını almaq üçün artıq 2021-ci ildən etibarən kripto xidmət təminatçılarını nəzarət mexanizminə daxil edib.
