Yekaterinburqda bənövşəyi rəngli “Lamborghini” idarəetmədən çıxaraq evə çırpılıb.
Referans Media xəbər verir ki, bu barədə "BAZA" telegram kanalı məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb, iki piyada isə xəsarət alıb.
Sürücü sağ qalıb, lakin başından xəsarət alıb. Hadisə Otradnaya küçəsində baş verib.
Məlumata görə, “Lamborghini”nin sükanı arxasında Ural milyarderi, “Rus Mis Şirkəti”nin təsisçisi İqor Altuşkinin kiçik oğlu David Altuşkin olub.
“Lamborghini” şəhərdə əvvəldən də diqqət çəkən avtomobil olub. Nömrəsiz şəkildə Yekaterinburqda peyda olan lüks idman avtomobili daha sonra şəhərin küçələrində tez-tez görülüb.
İqor Altuşkin Yekaterinburqda 2019-cu ildə kütləvi etirazlara səbəb olan Müqəddəs Yekaterina kilsəsinin tikintisinin əsas sponsorlarından biri kimi də tanınır.
“Baza”nın məlumatına görə, David Altuşkin 18 yaşında öz biznesini quraraq Yekaterinburqda premium yanacaqdoldurma məntəqəsi açıb.
Qəza zamanı xəsarət alan piyadalardan biri Ukraynadakı müharibədə iştirak etmiş 23 yaşlı veteran Timur olub. Şahidlərin sözlərinə görə, o, bu yaxınlarda bölgədən qayıdıb və qoltuq ağacları ilə hərəkət edirmiş.
Timur daha ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər onun qabırğalarında sınıqlar, qapalı kəllə-beyin travması və bədənində çoxsaylı əzilmələr aşkarlayıblar.
23 yaşlı Timurun eyni zamanda həvəskar boks üzrə Rusiya çempionatlarının mükafatçısı olduğu bildirilir. İdman karyerasını başa vurduqdan sonra hərbi əməliyyat zonasına göndərildiyi qeyd olunur.
Qəza ilə bağlı diqqət çəkən digər məqam isə “Lamborghini”ni daha əvvəl qara rəngli, mühafizəçilərin olduğu yolsuzluq avtomobilinin müşayiət etməsidir.
Hadisədən sonra mühafizəçilər dağılan avtomobilin üzərini parça ilə örtüblər.
Qəzanın ilk saniyələri də kameraya düşüb. Görüntülərdə milyarderin oğlunun avtomobilin vurduğu veteranın yanına yaxınlaşaraq ona kömək etməyə çalışdığı görünür./Musavat.com




