Avstraliya hökuməti təbii yaşayış mühitindən kənarda saxlanılan və risk altında olan yerli quş növlərini H5N1 quş qripi virusuna qarşı peyvənd etmək qərarına gəlib.
Referans Media xəbər verir ki, “ABC News”un məlumatına görə, ölkədə H5N1 virusuna yoluxma hallarının sayı 230-u keçib. Hökumət bununla əlaqədar xüsusi mühafizə altında saxlanılan və risk qrupuna daxil olan yerli quş növlərinin peyvəndlənməsinə başlanacağını açıqlayıb.
Ştat və ərazilərdə peyvəndləməyə yaxın günlərdə başlanması gözlənilir. Peyvənd olunacaq quş növləri xəstəliyə həssaslığı və onların qorunmasının mümkün təsirləri nəzərə alınmaqla müəyyən ediləcək.
Ətraf Mühit naziri Mürrey Uott bildirib ki, əsas diqqət insanların himayəsində olan quşlara yönəldiləcək. Onun sözlərinə görə, peyvəndin iki doza tələb etməsi səbəbindən vəhşi quşların genişmiqyaslı şəkildə peyvəndlənməsi praktiki və real deyil.
Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq naziri Culi Kollinz isə bildirib ki, H5N1 quş qripinin vəhşi quşlar arasında yayılmasının qarşısını tam almaq mümkün deyil. Bununla belə, ən çox risk altında olan növlərin qorunması üçün tədbirlər görülə bilər və peyvəndləmə artıq bu tədbirlərin bir hissəsidir.
