Cənubi Koreyada 179 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı bəzi qurumlarda axtarış aparılıb

Cənubi Koreyada 2024-cü ilin dekabrında 179 nəfərin ölümü ilə nəticələnən “Jeju Air” təyyarə qəzası ilə bağlı istintaq davam edir. Polis araşdırma çərçivəsində Koreya Hava Limanları Korporasiyası, Nəqliyyat Nazirliyi və Pusan Aviasiya Regional İdarəsində axtarış aparıb.

Referans Media xəbər verir ki, əməliyyatın 74 nəfər barəsində irəli sürülən “vəzifə səhlənkarlığı” şübhəsi ilə bağlı əlavə sübutların toplanması məqsədi daşıdığı bildirilir.

Xatırladaq ki, 29 dekabr 2024-cü ildə Banqkok-Muan reysini həyata keçirən “Jeju Air”ə məxsus “Boeing 737-800” tipli təyyarənin eniş şassisi açılmayıb. Təyyarə Muan hava limanında enişdən sonra idarəetmədən çıxaraq divara çırpılıb. Qəza nəticəsində 175 sərnişin və 6 ekipaj üzvündən 179-u həyatını itirib, yalnız iki ekipaj üzvü sağ qalıb.

Qəza Cənubi Koreyanın aviasiya tarixində ən çox insanın öldüyü faciə kimi qiymətləndirilib və hadisədən sonra ölkədə 7 günlük milli matəm elan olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki