Suriya məhkəməsi ölkədən qaçan keçmiş prezident Bəşşar Əsəd, qardaşı Mahir Əsəd və Əsədin əmisi oğlu Nəcib Atıfın da daxil olduğu 8 nəfəri edam cəzasına məhkum edib.
Referans Media xəbər verir ki, Qərar Dəməşq Dördüncü Cinayət Məhkəməsində qəbul edilib. Məhkəmə 2011-ci ildə Suriyada etirazların başladığı ilk dövrdə Dərada keçirilən təhlükəsizlik əməliyyatlarında rol aldığı bildirilən keçmiş məmur Atıf Nəcibi təqsirli bilib və onun barəsində edam hökmü çıxarıb.
Məhkəmə sədri hakim Fəxrəddin Aryan bildirib ki, araşdırmalar və şahid ifadələri Nəcibin etirazların başlamasından sonra Dərada bəzi şəxslərin sorğu-sual edilməsində iştirak etdiyini və 2011-ci ildə mülki şəxslərə qarşı təhlükəsizlik əməliyyatlarına rəhbərlik etdiyini göstərib.
Məhkəmənin qərarına əsasən, Bəşşar Əsəd, Mahir Əsəd, Fəhd Casim əl-Fureyc, Məhəmməd Əymən Uyuş, Lüey Əli əl-Əli, Qusay İbrahim Məhiyub, Vəfiq Salih Nasir və Talal Faris əl-Asimi “qəsdən və əvvəlcədən planlaşdırılmış şəkildə adam öldürmə” və “ölümlə nəticələnən işgəncə” cinayətlərində təqsirli bilinərək edam cəzasına məhkum ediliblər.
Nəcib Atıf istisna olmaqla, digər təqsirləndirilən şəxslərin hamısı hazırda ölkədən kənardadır. Bəşşar Əsəd və Mahir Əsəd 2024-cü ilin dekabrında baş verən hadisələr zamanı ölkədən qaçıblar.
Suriya qanunvericiliyinə əsasən, məhkəmə tərəfindən təqsirli bilinən şəxslərə edam cəzası verilə bilər. Lakin 2024-cü ilin dekabrında hakimiyyət dəyişikliyindən sonra ölkədə yeni dövr başlayıb və indiyədək heç bir edam hökmü icra edilməyib.
