Son günlər Azərbaycanda bəzi ərazilərdə güclü yağış, leysan, dolu və dağlıq ərazilərdə qar yağması gözlənilir. Belə hava hadisələrinin intensivləşməsi iqlim dəyişiklikləri ilə nə dərəcədə əlaqəlidir və güclü yağıntıların artması ölkənin ekoloji vəziyyətinə hansı təsirləri göstərə bilər?
Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, oktyabr ayı payız fəslinin qış ərəfəsində olduğunu göstərən aylardan biridir. Onun sözlərinə görə, bu dövrdə bol məhsul yığılır və məhsul yığımının son mərhələsi gedir.
Ekoloq qeyd edib ki, oktyabr ayında yağıntıların intensivliyinin artması da müşahidə olunur:
“Bəzən oktyabr ayı tam yağıntısız da keçir. Amma çox vaxt bizim coğrafiyada oktyabr ayında müxtəlif vaxtlarda yağış yağır. Hətta illər olub ki, oktyabr ayında dağlıq, dağətəyi və aşağı ərazilərə qar yağıb. Bu normal haldır, təbiətdə belə şeylər olur”.
Q. İbrahimlinin sözlərinə görə, hazırkı hava şəraitində hər hansı anomaliyadan söhbət getmir və bununla bağlı narahatlığa əsas yoxdur:
“İqlim dəyişikliyinin burada qorxudacaq bir tərəfi yoxdur. Bundan narahat olmağa dəyməz. Yağıntılar öz seyrində davam edir. Çox yağacaq, az yağacaq, o başqa məsələdir. Biz heç vaxt deyə bilmərik ki, yağış mütləq çox yağacaq. Bizim coğrafiyada belə şeylər olur”.
Gülnaz Abdullazadə
