Marketlərdə hiylə: Hər kəs qarşılaşır – Dərhal bunu edinbackend

Marketlərdə hiylə: Hər kəs qarşılaşır – Dərhal bunu edin

Marketlərdə verilən ƏDV qəbzləri ilə bağlı narazılıqlar artır. Bildirilir ki, bir sıra mağazalarda kassaya yaxınlaşan istehlakçıya kağızın bitdiyi deyilir və bu problem günlərlə davam edir. Vətəndaşlar belə hallarda necə davranacağını bilmirlər. Çünki çek tələb edilsə də, qarşı tərəf buna məhəl qoymur.

ƏDV çekinin verilməməsi marketlərə nə qazandırır? Bunun hansı hüquqi nəticələri var?

Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ƏDV qəbzlərinin təqdim olunması dövlətin sosial siyasətinin bir hissəsidir:


“Bizə bununla bağlı həftədə bir-iki dəfə zənglər daxil olur. İnsanlar marketlərin bəhanə gətirdiklərini bildirirlər. Məsələn, “kağız qurtarıb”, “elektrik yoxdur”, “aparat xarabdır” və sair. Bu, istehlakçı hüquqlarının pozulmasıdır. Belə halların qarşısının almaq üçün vətəndaşlar 195, (012) 599 76 00 və ya (012) 599 82 83 nömrələrinə zəng edərək Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə məlumat verməlidirlər”.

İqtisadçı Eyyub Kərimli bildirib ki, satış zamanı alıcıya qəbz verilməməsi inzibati xəta hesab olunur:

“Bu, həm istehlakçı hüquqlarının pozulması, həm də vergidən yayınma hallarının göstəricisidir. Əgər qəbz lentin bitməsi ilə əsaslandırılırsa, yeni kağız dərhal təmin olunmalıdır. Bu, sahibkarın birbaşa vəzifəsidir. İstehlakçılar belə hallarla rastlaşdıqda İqtisadiyyat Nazirliyinə və Dövlət Vergi Xidmətinin qaynar xəttinə müraciət edə bilərlər”.

Hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, qəbzin verilməməsində məqsəd vergidən yayınmaqdır:

“Bəzi hallarda kağız qurtarsa da, mövcud vəziyyət bir neçə gün davam edə bilməz. ƏDV sistemində qəbzin verilməsi vacibdir. Bu o deməkdir ki, məhsul rəsmiləşdirilib və mağaza onun vergisini ödəyəcək. Çekin verilməməsi isə açıq şəkildə vergidən yayınma cəhdidir. Vətəndaşlar bu halları dərhal vergi orqanlarına bildirməli və müvafiq tədbirlər görülməlidir. Belə vəziyyətlərdə mağaza mütləq cərimələnməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki