Dünyaca məşhur keçmiş ağır çəkili boks üzrə dünya çempionu Mayk Tayson ailəsi ilə birlikdə İstanbul şəhərinə gəlib. Onun Türkiyəyə səfəri “Duzlu Qəhvə” serialında rol alacağı ilə bağlı iddiaları yenidən gündəmə gətirib.
Referans Media xəbər verir ki, Taysonun serialda çəkiləcəyi ilə bağlı ehtimallar prodüser Polat Yağcının bir neçə həftə əvvəl etdiyi açıqlamadan sonra güclənib.
Prodüser oktyabrın 7-də serialın 13-cü bölümündə dünya miqyasında tanınan bir məşhurun qonaq aktyor kimi iştirak edəcəyini bildirmişdi. Bu açıqlamadan sonra həmin şəxsin Mayk Tayson ola biləcəyi barədə müzakirələr başlayıb.
Buğra Gülsoy və Eda Ecenin baş rollarda çəkildiyi “Duzlu Qəhvə” serialı müxtəlif dövrlərdə tanınmış aktyor və sənətçiləri ekran qarşısına çıxarması ilə diqqət çəkir.
Serialda daha əvvəl “Doktorlar” layihəsinin aktyorları Kutsi və Yasemin Ergene, “Kavak Yelleri” serialının ulduzları Pelin Karahan və Dağhan Külegeç, eləcə də Ajda Pekkan qonaq kimi iştirak ediblər.
Mayk Taysonun serialın hansı bölümündə görünəcəyi və hansı obrazı canlandıracağı hələlik məlum deyil.
Müzakirə olunan ehtimallardan birinə görə, məşhur boksçu Buğra Gülsoyun canlandırdığı Mehmet Aydınoğlu obrazının Amerikadan gələn dostunu oynaya bilər. Lakin bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib.
