Tramp İranla yayda əldə olunan atəşkəsi “vaxt itkisi” adlandırdı

ABŞ Prezidenti Donald Tramp İranla yayda əldə edilən atəşkəs qərarını tənqid edərək, bunu vaxt itkisi hesab etdiyini bildirib.

Referans Media xəbər verir ki, Tramp bu barədə ABŞ-ın Missisipi ştatında Respublikaçılar Partiyasının seçki tədbirində çıxışı zamanı danışıb.

“Biz qısamüddətli atəşkəs əldə etdik. Açığı, bu qərarı heç vaxt ürəkdən bəyənməmişdim. Mən bunu vaxt itkisi hesab edirdim”, – deyə ABŞ prezidenti bildirib.

O əlavə edib ki, atəşkəs dövründə bəzi gəmilərin keçidinə icazə verilib və Vaşinqton xoş niyyət nümayiş etdirməyə çalışıb. Lakin Trampın sözlərinə görə, bu addım gözlənilən nəticəni verməyib.

İranla münaqişənin başlanmasına da toxunan Tramp ABŞ-ın başqa seçiminin olmadığını iddia edib.

“Bunu əvvəlki prezidentlər çoxdan etməli idilər. Münaqişə tezliklə başa çatacaq”, – deyə o bildirib.

Məqalədə qeyd olunur ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında Livan da daxil olmaqla, bütün cəbhələrdə dərhal atəşkəsi nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

Lakin iyulun 8-də ABŞ İrana qarşı genişmiqyaslı hava hücumlarını yenidən bərpa edib. Vaşinqton bunu Tehranın Hörmüz boğazı ilə bağlı əvvəlki razılaşmaları pozması ilə əsaslandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki