Suriya hakimiyyəti İordaniya ilə sərhəddə yerləşən Nəsib keçid məntəqəsinin fəaliyyətini müvəqqəti dayandırıb. Qərar Dəraa vilayətində yaranmış vəziyyət və İordaniyanın Suriyaya hava zərbələrindən sonra verilib.
Referans Media xəbər verir ki, Suriyanın Sərhəd və Gömrük Baş İdarəsi Nəsib keçid məntəqəsində həm sərnişin, həm də yük daşımalarının hər iki istiqamətdə dayandırıldığını açıqlayıb.
Qurumun sosial şəbəkədə yaydığı məlumatda bildirilib ki, qərar sərnişinlərin və sərhəd xidməti əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.
Bundan əvvəl Suriya Xarici İşlər Nazirliyi qərarla bağlı İordaniya tərəfinə məlumat verildiyini açıqlamışdı. Nazirlik İordaniyanın Suriya ərazisində keçirdiyi əməliyyatları Dəməşqlə razılaşdırmadığını bildirib.
Suriya XİN-i Dəraa vilayətində İordaniyanın hava zərbələri nəticəsində mülki şəxslərin həlak olmasından təəssüf etdiyini də bəyan edib.
Məlumata görə, İordaniya Hərbi Hava Qüvvələri oktyabrın 26-da Suriyanın cənubunda hava zərbələri endirib. Əməliyyatların İordaniyanın Kərək vilayətində yerləşən Müqəddəs Georgi pravoslav kilsəsinə hücumla əlaqəli olduğu bildirilən ekstremist qrupları hədəf aldığı qeyd olunur.
İordaniya Səhiyyə Nazirliyinin məlumatına əsasən, oktyabrın 23-də baş verən terror hücumu nəticəsində 9 nəfər ölüb, 34 nəfər yaralanıb.
Sərhəd-keçid məntəqəsinin nə vaxt yenidən açılacağı barədə isə hələlik məlumat verilməyib.
