ABŞ tərəfindən 10 milyon dollar mükafatla axtarılan Xalisco Yeni Nəsil Karteli (CJNG) lideri Nemesio Oseguera Servantes, tanınmış adı ilə El Menço, keçirilən əməliyyat nəticəsində öldürüldü. İddiaya görə, əməliyyata MKİ (CIA) kəşfiyyat dəstəyi verib.
Referans Media xəbər verir ki, hadisə sonrası CJNG üzvləri ilə Meksika ordusu küçələrdə atışmaya girib və ölkə demək olar ki, xaosa sürüklənib.
El Mençonun məhv edilməsindən sonra kartel üzvləri müxtəlif nöqtələrdə təhlükəsizlik qüvvələri ilə qarşı-qarşıya gəlib. Şəhər mərkəzində silah səsləri yüksəlib, bəzi bölgələrdə avtomobillər yandırılıb və yollar bağlanıb. Hakimiyyət orqanları genişmiqyaslı əməliyyatlara başlayıb və vətəndaşları evlərindən çıxmamaları barədə xəbərdar edib.
Atışmaların baş verdiyi turist bölgələrində yüzlərlə turist tatil kəndləri və villalarda qalıb. Keçən il təxminən 6 milyon turistin ziyarət etdiyi bu bölgələrdə otellər və çimərliklər boşaldılıb. Turizm operatorları təhlükəsizlik səbəbi ilə rezervasiyaları ləğv edib, bəzi ölkələr isə vətəndaşlarına səyahət xəbərdarlığı verib.
Ekspertlər xəbərdarlıq ediblər ki, CJNG qisas məqsədilə turizm obyektlərini hədəf alsa, ciddi insani böhran baş verə bilər. Kartelin keçmişdə ağır silahlarla koordinasiyalı hücumlar etdiyi məlumdur. Hazırda təhlükəsizlik qüvvələri turizm mərkəzlərində tədbirləri gücləndirib.
