TƏCİLİ! BU ÖLKƏLƏR ƏHALİYƏ XƏBƏRDARLIQ ETDİ: ərzaq və su...​ - III Dünya Müharibəsi başlayır?

Dünyanın bir sıra ölkələrinin mümkün hərbi münaqişələrə qarşı müdafiə hazırlığını gücləndirməsi, sığınacaqları yeniləməsi və əhalini fövqəladə hallara hazırlamağa başlaması beynəlxalq təhlükəsizlik mühitində artan gərginliklə əlaqələndirilir. Beynəlxalq hüquq normalarının pozulması, mövcud dünya nizamının zəifləməsi və dövlətlər arasında mübahisələrin hərbi yolla həlli meylinin artması mümkün qlobal münaqişə risklərini gündəmə gətirir.

Referans Media-ya açıqlamasında politoloq Aydın Quliyev bildirib ki, dövlətlərin mülki və hərbi müdafiə sahəsində intensiv tədbirlər görməsi bugünkü dünyada yaranmış təhlükələrə adekvat reaksiyadır.

Onun sözlərinə görə, hazırkı beynəlxalq vəziyyəti təxminən 80 il əvvəl, İkinci Dünya müharibəsi ərəfəsində yaranmış vəziyyətlə müqayisə etdikdə, aralarında prinsipial fərqin olmadığı görünür.

Politoloq qeyd edib ki, həmin dövrdə İtaliya Afrikada Efiopiyanı işğal edir, Hitler isə Çexoslovakiyanın ərazilərini və Avstriyanı ələ keçirirdi. Almaniya o zaman BMT-nin rolunu oynayan Millətlər Cəmiyyətindən nümayişkaranə şəkildə çıxırdı. Quliyevin fikrincə, bu hadisələrdən bir neçə il sonra İkinci Dünya müharibəsinin başlaması bugünkü proseslərlə müqayisə üçün əsas verir.

Aydın Quliyev bildirib ki, hazırda bir çox ölkənin hərbi və müdafiə tədbirləri zahirən müdafiə xarakteri daşısa da, əslində bəzi dövlətlər hücuma hazırlaşırlar.

O vurğulayıb ki, bu gün dünyanın böyük dövlətləri olan ABŞ və Rusiya müharibə vəziyyətindədir. Onun fikrincə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan və dünyada sülhün, təhlükəsizliyin qorunmasına görə böyük məsuliyyət daşıyan bu iki ölkənin müharibə aparması beynəlxalq sistemin ciddi böhranından xəbər verir.

Politoloqun sözlərinə görə, beynəlxalq hüquq normalarına məhəl qoyulmaması və BMT-nin münaqişələrin həllində təsir imkanlarının zəifləməsi də vəziyyəti mürəkkəbləşdirir. O bildirib ki, BMT baş katibinin münaqişə zonalarındakı proseslərə müdaxilə imkanlarının məhdudlaşması, eləcə də Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqlarda təşkilatın rolunun zəifləməsi beynəlxalq təhlükəsizlik sisteminin problemlərini göstərir.

Aydın Quliyev hesab edir ki, beynəlxalq hüquq normalarının pozulduğu, dövlətlərin suverenliyinə hörmət edilmədiyi, BMT-nin öz missiyasını tam yerinə yetirə bilmədiyi və yeni dünya nizamının formalaşmadığı şəraitdə dövlətlər aralarındakı mübahisələri hərbi yolla həll etməyə daha çox meyl göstərə bilərlər.

Politoloq əlavə edib ki, bu tendensiya üçüncü dünya müharibəsinin başlanması üçün zəmin yarada bilər. Onun fikrincə, dövlətlərin mülki və hərbi müdafiə tədbirlərini intensivləşdirməsi dünyada üçüncü dünya müharibəsi təhlükəsinin real olması ilə bağlıdır.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki